...

“Qələbə qazanmalıyıq ki...”


Yanvarın 18-dən etibarən təlim-məşq toplanışını Bakı İdman Sarayında davam etdirən Azərbaycan millisi əsasən fiziki çalışmalara üstünlük verir. 11 aydan sonra idman zalında 3 məşq keçən yığmamız yanvarın 29-da Slovakiya ilə qarşılaşacaq. Hazırlıqla bağlı azfutzal.az saytına açıqlama verən millinin kapitanı Rizvan Fərzəliyev qarşıya konkret məqsədin qoyulduğunu bildirdi:

Toplanışımız davam edir. Fiziki hazırlığı yüksəltmək istiqamətində çalışmalar edirik. Əhval-ruhiyyə yaxşıdır. Çoxdan idi zalda məşq etmirdik, yenidən sevimli məkanımıza dönməyimiz komanda üzvlərini sevindirməyə bilməzdi. Qarşıda bizi qrup liderliyinə iddialı Slovakiya ilə ağır oyun gözləyir. Əlbəttə, rəqibin kimliyindən asılı olmayaraq qarşımıza konkret tapşırıq qoyulub. Biz bu qrupdan qalib kimi final mərhələsinə vəsiqə qazanmalıyıq. Bilirəm, uzun müddət parketdən kənarda qalmağımız çətinlik yaradacaq. İdmançı həyatı elədir ki, gərək məşqləri fasiləsiz, daimi edəsən. Amma mövcud vəziyyətlə əlaqədar zallar bağlandı və biz ən yaxşı halda açıq havada məşq etməklə formamızı qorumağa çalışdıq. Süni örtüklə parketi isə müqayisə etmək olmaz”.

Təcrübəli futzalçı çətinliklərdən də danışıb, komandanın oyuna hazır olacağına inandığını vurğuladı: “Müəyyən çətinliyimiz var. İlk növbədə zala uyğunlaşmağa çalışırıq. 11 ay az müddət deyil. Yanvarın 29-na qədər isə bu və digər çatışmazlığı aradan qaldırmalıyıq. Bunu bacaracağımıza inanıram. Bu bir həftədən maksimum yararlanmalıyıq”.

Üçüncü qrupda yer alan millimizin rəqiblərinə yaxından bələd olduqlarını deyən kapitan Slovakiyanı fərqləndirdi: “Hər 3 komandanın gücünə bələdik. Xüsusilə də Slovakiya ilə son illərdə daha çox qarşılaşmışıq. Qrup mərhələsinə onlarla duellə start verəcəyik. Bakıdakı oyunda qələbə qazanmalıyıq ki, özünə inam artsın, həm də əsas rəqibimizi qabaqlaya bilək, eyni zamanda, Yunanıstan səfərinə yüksək əhvla-ruhiyyədə yollanaq. Doğma meydan amili də bizə üstünlük qazandıracaq. Matçın azarkeşsiz keçirilməsi təəssüf dogurur. Ancaq pandemiya ilə əlaqədar verilmiş qərara hörmətlə yanaşmalıyıq”.