Bu gün Yüksək Liqada VI turun oyunları keçirildi. Açılış qarşılaşmasında buna matça qədər keçirdiyi oyunları xalsız başa vuran iki komanda qarşılaşdı. Daha sürətli başlayan “Record club” tezliklə hesabı açdı. Əsasını iranlı legionerlər təşkil edən debütant 4-cü dəqiqədə ikinci dəfə rəqib torunu silkələdi. Sonrakı dəqiqələrdə də qollar sıralandı. İkinci hissədə hesabdakı üstünlüyünü bir qədər də artıran debütant mövsümdə ilk qələbəsini qazandı. İkinci oyunda iki iddialı komanda qarşılaşdı. Düzdü, “Marafon” mövsümə heç də yaxşı başlamayıb. Komanda 4 oyunun tən yarısında məğlub olub. Amma təcrübəli futzalçılardan qurulması “Marafon”un üst sıralara iddialı olmasından xəbər verir. İlk 2 dəqiqə İlkinlə İsanın qarşılıqlı təhlükəli hücumları ilə yadda qaldı. Hadi Rezvanın 7-ci dəqiqədə çarpaz zərbəsini rəqib qapıçı zərərsizləşdirdi. Elə Asifin hesabı açmasına da qolkiper mane oldu. 8-ci dəqiqədə İlkinin aşırma zərbəsi qapının üstdən keçdi. Hissənin sonuna 3 dəqiqə qalmış “Marafon” azlıqda qaldı. Seymur Məmmədov ikinci sarı-qırmızı vərəqə aldı. Ancaq lider bu üstünlükdən istifadə edə bilmədi. Nəticədə komandalar fasiləyə qolsuz “sülh”lə yollandı. İkinci hissədə “Marafon” daha çox müdafiəyə diqqət yetirməklə əks-hücumlar qurmağa çalışırdı. Hesab isə 30-cu dəqiqədə açıldı. Rizavnın hava ilə asmasını Bağırov başqa qapıya istiqamətləndirdi. Həsənzadə topu geri qaytarsa da, Xətai təkrar zərbə ilə toru silkələdi. 32-ci dəqiqədə nominal qonaqların standart vəziyyətdən yerinə yetirdiyi “ev tapşırığı” zamanı Elşənin zərbəsi dirəyə tuş gəldi. Beləliklə gərgin keçən oyunda son çempion qalib gəldi. “Bakı” – “Neftçi” görüşü də maraqlı alındı. Debütant liderlər qrupunda yer alan “Neftçi”yə çətin anlar yaşadıb. Komanda birinci hissədə iki dəfə hesabda önə keçib. Qapıçını meydan oyunçusu ilə əvəzləyən “Neftçi” fasiləyə 2:2 hesablı heç-heçə ilə yollanmağa nail olub. İkinci hissədə toparlanan “Neftçi” istəyinə çatdı. Debütanların duelində isə Quba təmsilçisi fasiləyə üstün yollandı. İkinci hissədə “Xızı Futzal” azlıqda qalsa da, rəqibi bundan yararlana bilmədi. Əvəzində hesab bərabərləşdi. Təzyiqi yenidən artıran əyalət təmsilçisi 2 ardıcıl qol vurmaqla mövsümdə 3-cü qələbəsini aktivinə yazdırdı. Tura “Baku Fire” – EKOL qarşılaşması ilə yekun vuruldu. EKOL ardıcıl 2 qol vurmaqla üstünlük qazansa da, debütant fasiləyə qədər status-kvonu bərpa etməyi bacardı. Hətta Eyvazovun drujinası ikinci hissədə qələbə topunu vurmağa yaxın oldu. Qeyri-dəqiq zərbə və qapı dirəyi hesabın dəyişməsinə imkan vermədi. EKOL-da da analoji şanslar oldu. Xüsusilə də qapıçı Emin Kürdovun hücumda komandasına kömək etdiyi epizodda qapı dirəyini nişan alması yadda qaldı. Növbəti qolu isə iranlı legioner vurdu. Talebmohammad Arabpour komandasını büdrəməkdən xilas etdi.
“Yasamal” İSK – “Record club” 1:9
Qollar: Vüsal Səfərov, 05:34 // Sina Jamali, 01:40, 23:30, 31:24, Seyedmostafa Padidarjahromi, 03:19, Vahid Ansari, 04:34, 38:28, Sabir Hacıəliyev, 06:24, 27:28, Amir Ashtiyani, 37:21
“Araz” – “Marafon” 1:0
Qol: Xətai Bağırov, 29:27
“Bakı” TFK – “Neftçi” İK 3:7
Qollar: Məhəmməd Bədəlbəyli, 04:29, Vüsal Buludov, 11:22, 29:05 // Oqtay Rüstəmli, 05:15, Kənan Manafov, 18:17, 31:54, Rüfət Balakişiyev, 32:22, Vahib Xocayev, 33:06, Emil Həsənzadə, 35:53, 37:05,
“Xızı Futzal” – “Premier” (Quba) 1:3
Qollar: Xəyal Quliyev, 27:01 // Firudin Ağalarov, 01:21, 31:26, Tural Cəlilov, 38:00
“Baku Fire” – EKOL 2:3
Qollar: Rasif Səfiyarov, 07:56, 09:08 // Fərid Atakişiyev, 03:39, Radik Əhmədov, 06:52, Talebmohammad Arabpour, 35:33