...

“Bu qədər ağır, stressli, gərgin mövsümün keçdiyi yadıma gəlmir”


Maraqlı, gərgin və stressli mövsümün yekununda çempionluq kubokunu başı üzərinə qaldıran və komanda yoldaşlarına ötürən “Araz-Naxçıvan”ın qapıçısı və kapitanı Emin Kürdovun azfutzal.az-a müsahibəsi

- Başa çatan mövsümə qısa bir ekskursiya etsək, nələri qeyd edərdin?

- Mövsümə yaxşı başlamadıq. İlk oyunda “Baku Fire” ilə heç-heçə etdik, dövrənin sonunda isə “Neftçi”yə məğlub olduq. 5 oyundan sonra 5 xal itirmək “Araz-Naxçıvan” üçün qəbul olunmaz göstərici idi. Baş məşqçi də mövsümün əvvəlində müəyyən eksperimentlər apardı. İtirdiyimiz həmin xallar sona yaxın mənfi təsirini göstərməyə başladı. Müəyyən gərginlik yaranmışdı. Digər yandan UEFA Çempionlar Liqasına daha çox köklənmişdik. Son 9 ildə ilk dəfə qitənin ali yarışında 2 mərhələ adladıq, futzalda nəhəng klublardan hesab edilən, dəfələrlə Çempionlar Liqasının qalibi olmuş “Benfika” kimi komandanı Bakıya gətirdik. Qitəmiqyaslı yarışda çıxışımızı başa vurduqdan sonra bütün diqqətimizi çempionata yönəltdik. Birinci dövrədə xal itirdiyimiz rəqiblərin hər ikisini məğlub etdik və Yüksək Liqada vəziyyətimizi bir qədər yaxşılaşdırdıq. Ümumiləşdirsək, ölkə çempionatı “Araz-Naxçıvan” üçün çox gərgin keçdi. Keçən mövsümdə də “Baku Fire” ciddi müqavimət göstərmişdi, ancaq son çempionluq daha çətin başa gəldi. “Araz-Naxçıvan” üçün bu qədər ağır, stressli, gərgin mövsümün keçdiyi yadıma gəlmir. “Neftçi”nin də əməyini danmaq olmaz. Ciddi rəqabət yaranmışdı. Heyətlərini legionerlərlə gücləndirmişdilər. Yerliləri də əlavə etsək, yaxşı kollektiv formalaşdırmışdılar. Təbii ki, bu cür rəqabətin olması, oyunların gərgin keçməsi futzalımızın xeyrinə olan məqamdır. Onu da qeyd edim ki, “Neftçi” ilə sonuncu turda keçirdiyimiz oyuna maraq böyük idi. Canlı yayımlanan matçı izləmək üçün arenaya da kifayət qədər azarkeş təşrif buyurmuşdu. Bu da futzalın həqiqətən sevilən idman oyunu olduğunun göstəricisidir.

- Əvvəldən itirilən xallar nə ilə bağlı idi? Komanda tam hazır deyildi, rəqiblər güclənmişdi, yoxsa diqqətlər Çempionlar Liqasıa yönəlmişdi?

- Baş məşqçimiz də əvvəldə bunu tez-tez vurğulayırdı ki, əsas prioritet Çempionlar Liqasındakı nəticələrdir. Yəni çempionat uzun marafondur, hər rəqiblə mövsüm ərzində 4 oyun keçirəcəyik və belədə itirilən xalları sığortalamaq baxımından şansımız olacaq. Ancaq Çempionlar Liqasının oyunları hər mərhələdə 3 görüşdən ibarətdir, burada itirdiyini geri qaytara bilmirsən. Ancaq bir faktı da unutmamalıyıq ki, UEFA Çempionlar Liqasına gedən yol Azərbaycan çempionluğundan başlayır. Heyətlə bağlı da müəyyən rotasiyalar edilirdi. Çünki oyunçularımızın əksəriyyəti yayda komandaya dəvət edilmişdi. Onları rəsmi görüşlərdə sınamaq, “4-lük”ləri komplektləşdirmək vacib idi. Rəqiblərimiz də heyətlərini gücləndirmişdilər. Bunlar hamısı təsir edən məqamlar idi.

- Gələk son oyuna. “Neftçi”yə hətta 2 top fərqi ilə uduzmaq da kifayət edirdi ki, tarixində ilk dəfə çempionluq kubokunu başı üzərinə qaldırsın. Oyunun gedişində də daha 2 qol vurdular və şanslarını bir qədər də artırdılar. Belədə sizin 5 qol vurmağınız lazım idi. Həmin anda komanda olaraq bunu xəyal edə bilirdiniz?

- Oyunla bağlı çox şey danışmaq olar. “Araz-Naxçıvan” üçün geri dönüş nöqtəsi hesab 2:2 olduqdan sonra başladı. Onda hiss etdim ki, biz matçı xeyrimizə çevirə bilərik. İnam yarandı, motivasiyamız artdı. İkinci hissədə qol buraxmadıq və 4 qol vuraraq geridönüş elədik, çempion olduq. Bu cür məqamlarda kapitan olaraq soyuqqanlılığını qorumalı, inamını itirməməlisən. Çünki komanda yoldaşlarının gözü səndə olur. Şükür ki, çətin də olsa, məqsədimizə çatdıq.

- Sankı hər iki komandanın üzvləri arasında bir-birinə qarşı gərginlik, müəyyən söz atışmaları da var idi. Nə baş vermişdi?

- Bu cür intriqa ötən çempionatda da olmuşdu. Bu dəfə “Neftçi” sanki oyuna çempion kimi gəlmişdi. Hətta eşitmişdik ki, çempionluq köynəkləri də hazırlatmışdılar. Əslində bu, normal haldır. Sadəcə rəqib olduğumuza görə, bizdə qıcıq yaratmaya bilməzdi. “Araz-Naxçıvan” illərdir çempiondur, zirvədə yer alır. Birdən birə belə halı qəbullanmaq asan deyil.

- Bu neçənci çempionluğun idi?

- “Araz-Naxçıvan”ın 20-ci.

- Şəxsi çempionluğunu deyirəm.

- Səhv etmirəmsə, 8-cidir. “Araz-Naxçıvan” yeni yaradılanda komandanın heyətində 3 il ardıcıl çempion oldum, sonra hərbi xidmətə yollandım. Döndükdən sonra daha bir dəfə qızıl medal qazandım. Sonra başqa kluba keçdim. Son 4 ya 5 ildə də “Araz-Naxçıvan”la hamıdan güclü oluruq.

- Yəqin ən şirini birinci çempionluq olar?

- Əksinə, başa çatan mövsümü xüsusi qeyd edərdim. Hətta məni kimi soyuqqanlı adam yekunda sevinc hisslərini gizlədə bilmədi. Bəlkə də ötən il bu sualı versəydiniz, deyərdim, ötən mövsüm qazanılan çempionluq. Ancaq budəfəki daha çətinliklə başa gəldi.

- Yeri gəlmişkən, həlledici oyunda işin az olmadı. Hətta bir epizodda şpaqat açaraq topu ölü nöqtədən çıxardın. Sanki ikinci cavanlığını yaşayırsan…

- Başqa oyunu qeyd edəcəm. Məşqçilər korpusu olaraq da müzakirələr zamanı xüsusi qabardılan oyun ikinci dövrədə “Neftçi”ni 5:4 hesabı ilə məğlub etdiyimiz görüşdür. Həmin qarşılaşmada rəqib bizdən yaxşı oynadı. Matçın gedişində iki dəfə 10 metrlik zərbəni dəf etdim. Hətta ikinci 10 metrlik zərbəni dəf etdikdən sonra sürətli hücum qurduq və Filipe qol vuraraq hesabı xeyrimizə dəyişdi. O qarşılamını uduzsaydıq, son görüşün əhəmiyyəti qalmayacaqdı. Bəli, son oyunda komandam üçün vacib toplar çıxardım. Kənardan necə görünür bilmirəm, ancaq tabloya baxırsan və hesabda 2 top fərqi ilə geridə olduğunu görürsən… Belədə xətdə dayanmaq çox çətindir, gərək əsəblərin “dəmir”dən olsun.

- Cəmi 3 gün sonra Azərbaycan kubokunun finalında da eyni rəqiblər qarşılaşdı. Bəs nə baş verdi ki, bu dəfə hesabda üstün olduğunuz halda, yekunda məğlubiyyətlə barışdınız?

- Hər yarışın öz xarakteristikası, sənə qazandırdığı imkanlar var. Təbii ki, çempion olmaq birinci tələb, məşqsəd idi. Finaldan 3 gün əvvəl bunu təmin etmişdik. Ancaq kubok oyununa “boş” çıxmışdıq deyə bir vəziyyət yox idi. Birinci hissədə daha yaxşı oynadıq, ardıcıl qollar vurduq. Lakin ikinci hissədə 3 gün əvvəlki həvəs, istək sanki olmadı. Heyətimizdə də dəyişiklik olmuşdu. Barbosa zədəli idi, tribunadan baxırdı oyuna. İstənilən halda “Neftçi” də güclü rəqibdir. Yaxşı heyətləri var idi və layiqli qələbə qazandılar.

- İyulun 10-da 42 yaşın olacaq. Karyeranı bitirmək haqda düşünmürsən?

- Getmək asandır. Ancaq bu gün fiziki gücüm və illərdir qazandığım təcrübə oynamağıma imkan verir. Hansısa narahatlığım yoxdur ki, karyeramı bitirim. Nə vaxt alınmasa, formadan uzaq olduğumu görəm, özüm klub rəhbərliyinə və millinin baş məşqçisinə qərarımı açıqlayacam. İndiki halda davam etmək üçün gücüm var. Yaşa yox, meydandakı performansa diqqət etmək lazımdır.

- Millidən söz düşmüşkən, iyunun 19-da dünya çempionatının əsas mərhələsindəki rəqiblər məlum olacaq. Şans verilsəydi, kimləri rəqib olaraq seçərdin?

- Birinci səbətdən Sloveniya və ya Niderlandı seçərdim. Üçüncü səbətdən isə İsveçi istəyərdim. Çünki İsveçə ötən seçmə mərhələdə uduzmuşduq, onlardan revanş almaq istəyərdim. Qazaxıstanı da siyahıya əlavə etmək olar. Onlara yoldaşlıq oyunlarında uduzsaq da, rəsmi matçlar ev-səfər prinsipi ilə keçiriləcək. Bakıda xal almaq və ya udmaq da mümkündür.

- Bəs UEFA Çempionlar Liqasında hədəf nə olacaq?

- Bu dəfə mübarizəyə yəqin ki, ilkin yox, əsas mərhələdən başlayacağıq. Püşkdən də çox şey asılıdır. “Araz-Naxçıvan”a uyğun qrupda yer almağımızı istərdim. Təbii ki, ən azı ötənilki nəticəni təkrarlamaq vacibdir. Belədə reytinq xallarımız da artacaq.

- Bu dəfə “Araz-Naxçıvan”da əsas qapıçı sən olacaqsan. Təkbaşına ağır oyunlarda iştirak etmək yormayacaq?

- Azərbaycanda yaxşı qapıçılar var. Adlarını saysaq, uzun siyahı alınar. Ancaq son illərdə istər millidə, isətsə də klubda təkbaşına bu işin öhdəsindən gəlməyə bir növ adət etmişəm. Yadınızdadırsa, 2022-ci ildə Niderlandda keçirilən Avropa çempionatının final mərhələsində ilk 2 oyunu tək keçirdim. İspaniya kimi komandaya qarşı oynadıq. Buna bir növ adətkar olmuşam (gülür). Əsas odur ki, zədədən uzaq olaq. Özümü yaxşı hiss edirəm.

- Son sualım. Mövsümün “5-liy”ini seçsən, kimləri fərqləndirərdin?

- Təvazökarlıqdan uzaq olsa da, deyim ki, qapıda özümü görürəm. Bunu hər dəfə məşqçilərimiz də deyirlər. İstər Çempionlar Liqasının, istərsə də Yüksək Liqanın oyunlarında vacib qurtarışlar edərək komandama uğur qazandırmışam. Meydan oyunçularına gəldikdə, Fərid Atakişiyev (“Neftçi” İK), Giovanny Valero (“Araz-Naxçıvan”), Allef Maiolli (“Neftçi” İK) və Jean Peruzzo (“Araz-Naxçıvan”).