Azərbaycan millisinin final mərhələsi 2022-ci ildə Niderlandda keçiriləcək Avropa çempionatının qrup mərhələsindəki rəqibləri müəyyənləşib. Daha dorusu, Slovakiya və Moldova ilə qarşılaşacağımız aydındır. Amma digər rəqibimizin Türkiyə, yoxsa Yunanıstan olacağı bu komandalar arasında keçiriləcək pley-off oyunlarında müəyyənləşəcək. Bəs kifayət qədər tanış olan rəqiblərlə yer aldığımız qrup haqda millinin hücumçusu Xətai Bağırov nə düşünür? Futzalçının azfutzal.az saytına açıqlamasını diqqətinizə çatdırırıq:
“Son illərdə Slovakiya yığması ilə ardıcıl oyunlar keçirmişik. Növbəti dəfə yenə rəqib olduq. Elə Moldova ilə də son illərdə tez-tez üz-üzə gəlirdik. Düzdür, bu komanda ilə daha çox yoldaşlıq oyunlarında rəqib olmuşuq. Amma son seçmə mərhələdə ilk dəfə rəsmi oyunda qarşılaşdıq. Hər iki rəqibimizi yaxşı tanıyırıq. Slovakiya ilə oyunlarımız çətin keçir. Qələbə qazansaq da, bu asan başa gəlmir. Qrupda ən çətin rəqibimiz Slovakiya olacaq. Moldovanı da Bakıdakı rəsmi oyunda çətinliklə məğlub etdik. Həmin vaxt oyunumuz da istədiyimiz kimi alınmadı, hamımız zəif oynadıq. Amma müqayisə etsək, yenə deyirəm, Slovakiya digərlərindən güclüdür. Bizə birinci yer uğrunda mübarizədə əsas çətinlik yaradacaq komanda onlar olacaq. Bunu deməklə digər rəqiblərimizə hörmətsizlik etmək istəmirəm. Əlbəttə, Moldova yığması da oyun zamanı istənilən səhvdən, boşluqdan istifadə edəcək gücdədir. Üçüncü rəqibimizin kimliyi pley-off oyunlarından sonra bilinəcək. Məncə, Yunanıstan millisi daha şanslı hesab olunur.
Komandanın qarşısına hər zamankı kimi, yenə konkret tapşırıq qoyulacaq. Növbəti dəfə Avropa çempionatının final mərhələsində iştirak etməliyik. Ona görə də yaxşı hazırlaşmalı, heç bir rəqibə saymazyana yanaşmamalı, reytindəki üstünlüyümüzü meydanda da ortaya qoymalı və niyə favorit hesab olunduğumuzu oyunumuzla göstərməliyik”.