Yüksək Liqanın cari mövsümündə əsas mərhələ başa çatdı və pley-off görüşlərində iştirak edəcək cütlüklər müəyyənləşdi. Çempionluq yolundakı vacib oyunlardan əvvəl isə Badamlı Azərbaycan kubokunun yarımfinal görüşləri baş tutacaq. Cütlüklərdən biri hər iki cəbhədə bir-birinə rəqib olub. Söhbət “Neftçi” İK – EKOL duellərindən gedir. Bu komandalar 8 gün ərzində minimum 3 vacib qarşılaşmada üz-üzə gələcəklər. Bəs komandalar baş məşqçilər nə düşünür? “Neftçi” İK-nın baş məşqçisi Elşad Quliyev:
“Yüksək Liqada və ölkə kubokunda müəyyənləşdirdiyimiz işlərin icrasını davam etdiririk. Hələ ki, işlər istədiyimiz kimi gedir. Çempionatda pley-off oyunlarından əvvəl ölkə kubokunun yarımfinal matçında iştirak edəcəyik. Təbii ki, məqsədimiz hər iki yarışın finalçısı olmaq, həlledici qarşılaşmada meydana çıxmaqdır. Əlbəttə, bu, heç də asan olmayacaq. Həm kubokun yarımfinalında, həm də çempionatın pley-off matçlarında eyni rəqiblə – EKOL-la qarşılaşacağıq. Səkkiz gün ərzində eyni komanda ilə ən azı 3 oyunda üz-üzə gəlmək asan olmayacaq. Belədə kollektivi matçlara kökləmək də çətin olur. Çünki hər iki heyət bir-birini yaxşı tanıyır, zəif-güclü tərəflərini əla bilir. Çətin olsa da, işimizin öhdəsindən gəlməyə, finalçı olmağa çalışacağıq”.