Mayın 1-də Yüksək Liqada həlledici mərhələ - pley-off oyunları başlayacaq.
Amma 3 futzalçı ilk matçda komandasına kömək edə bilməyəcək ki, onlardan ikisi “Araz-Naxçıvan”ın üzvləridir. Belə ki, Murilo hələ XIX turda qırmızı vərəqə ilə cəzalandırılıb. Müdafiəçiyə İntizam Komitəsi tərəfindən 4 matçlıq cəza verilib. O, cəzasının tən yarısını arxada qoyub. Braziliyalı “Baku Fire”lə baş tutacaq 2 oyunda da iştirak etməyəcək. Onun komanda yoldaşı Dmitri Bondarev isə Yüksək Liqanın XXI turu çərçivəsində “Alyans”la dueldə qırmızı vərəqə alıb. Sonuncu ümid fouluna görə cəzalandıran rusiyalı qapıçı ilk dueli kənardan izləyəcək. Həmin turda “Baku Fire” də qapıçısını itirib. Samir Mehdiyev də Bondarev kimi sonuncu ümid fouluna görə cəzalandırılıb və pley-offun ilk matçında iştirak etməyəcək.