Dünya çempionatının əsas mərhələsinin oyununda bu gün Polşa yığması ilə qarşılaşacaq Azərbaycan millisi dünən oyunöncəsi son məşqini keçirdi. Baş məşqçi əsas taktiki planda çalışmalara yer verdi, oyunçular standard vəziyyətlər yerinə yetirdi. Məşq başa çatdıqdan sonra komandanın üzvü Fineo De Araujo azfutzal.az-a açıqlama verdi:
“Zədəm ciddi deyil, həkimin köməyi ilə meydana çıxa biləcəm. Vacib qarşılaşmadır. Bu gün (dünən) oyunöncəsi son məşqimizi keçirdik. Baş məşqçinin taktiki planda necə oynamalı olduğumuzla bağlı tapşırıqlarını icra etməyə çalışdıq. Demək olar, hazırıq. Təbii ki, zədəli futzalçılarımızın olması yaxşı hal deyil. Edurado Borges müdafiədə vacib fiqurdu, amma bu dəfə meydanda olmayacaq”.
O, rəqib haqda da qısa fikrini bildirdi: “Polşanın oyununu izləmişəm. Güclü və ciddi rəqibdir. Taktiki planda düzgün oynayırlar. Fiziki cəhətdən də hazırlıqlı komandadır və meydanda demək olar, hərəkətsiz dayanmırlar. Amma bu göstəricilər bizim məqsədimizi dəyişə bilməz. Doğma meydanda oynadığımızı və zala bizi dəstəkləmək üçün azarkeşlərin gələcəyini nəzərə alsaq, xal itirməyə haqqımız yoxdur. Azarkeşlərimiz üçün mütləq sona qədər mübarizə aparacağıq. Əlbəttə, bizi ancaq qələbə qane edə bilər”.