Bu gün final matçı ilə Yüksək Liqada cari mövsümə yekun vuruldu. Cari mövsümdə “Araz-Naxçıvan”a yeganə xal itkisi yaşadan “Neftçi” İK son dueldə də sürprizə imza atmağı düşünürdü. Pley-off mərhələsində ilk oyunda yenilsə də, sonrakı 2 dueldə qələbə qazanaraq qızıl medal uğrunda oynamaq hüququ qazanan “Neftçi” İK Yüksək Liqanın cari mövsümünün son görüşünə itkilərlə çıxmışdı. Nurlan Mehdizadə və Rüfət Balakişiyev sarı vərəqə cəzalısı olduğuna görə komandasına kömək edə bilmirdi. Əvəzində pley-off-da meydana çıxmayan İlkin Hacıyev və Məhəmməd Abbasov bu dəfə forma geyinmək imkanı qazanmışdı. “Araz-Naxçıvan”da isə uzun müddətdir zədəli olan Ponsedən başqa kənarda qalan yox idi.
Oyunda hesab erkən açıldı. Xətai Bağırov komandasına üstünlük qazandırdı. Sonrakı dəqiqələrdə taktiki baxımdan üstünlük nominal meydan sahiblərində olsa da, qapılar qarşısında ciddi təhlükəli vəziyyət yaradılmadı. Sükut 14-cü dəqiqədə pozuldu. Felipinyonun kobud oynaması “Neftçi”yə penalti vurmaq hüququ qazandırdı. Fürsəti əldən verməyən Namiq Məmmədkərimov tablodakı rəqəmləri eyniləşdirdi. Növbəti dəfə hesab yenə standart vəziyyətin icrası ilə dəyişdi. Xətai Bağırova qarşı Əjdər Əjdərov kobud oynadı ki, hakim passivində 5 cərimə xalı olan “Neftçi”nin qapısına 10 metrlik zərbə təyin etdi. Amadeu “9-luq”u nişan almaqla tarazlığı komanmdasının xeyrinə dəyişdi.
İkinci hissədə də ilk qolu “Araz-Naxçıvan” vurdu. Bu dəfə Felipinyo fərqi 2 topa çatdırdı. Matçın sonuna 2 dəqiqə qalmış Nata Felipe nəhayət rəqib torunu silkələdi. Braziliyalı bu qolla həm oyunun yekun nəticəsini müəyyənləşdirdi, həm də Yüksək Liqada cari mövsümə yekun vurdu.
Beləliklə “Araz-Naxçıvan” 29-cu Azərbaycan çempionatının qalibi oldu.
Araz-Naxçıvan – Neftçi İK (2:1) 4:1
15 may. Bakı İdman Sarayı. Saat 18:30
Hakimlər: Hikmət Qafarlı, Knyaz Əmiraslanov, Əli Cəbrayılov
Hakim-inspektor: Murad Məmmədov
Qollar: Xətai Bağırov, 1:37, Amadeu, 14:47, Felipinyo, 20:40, Nata Felipe, 38:16 // Namiq Məmmədkərimov, 13:41
Sarı vərəqələr: Felipinyo, 13:40, Emin Kürdov, 13:41, Katatau, 16:39, Ramiz Çovdarov, 16:39, Nata Felipe, 19:08 // Ali Mikaili, 10:36, Əjdər Əjdərov, 14:46
Araz-Naxçıvan
1. Emin Kürdov (q), 9. Andreu Verqas, 10. İsa Atayev, 11. Xətai Bağırov, 20. Katatau, 12. Cavad Məmmədov (q), 7. Ramiz Çovdarov, 8. Felipinyo, 13. Nata Felipe, 14. Xəzər Ağalızadə, 15. Novruz Kazıxanov, 17. Lukas Romao, 18. Fərid Ələkbərov (k), 19. Amadeu
Baş məşqçi: Joze Alesio Da Silva
Neftçi İK
12. Anar Məmmədov (q), 3. Fərid Atakişiyev (k), 5. Behzad Hassanzade, 38. Hasan Ali Jafari, 94. Ali Mikaili, 1. Samir Mehdiyev (q), 4. Məhəmməd Abbasov, 6. Mirzə Əmirov, 7. İlkin Hacıyev, 8. Ülvi Əliyev, 11. Namiq Məmmədkərimov, 13. Əjdər Əjdərov, 16. Zaur Sultanov (q), 17. Asif Zeynalov
Baş məşqçi: Hacıbala Abdullazadə