...

Mükafatlandırma mərasimi keçirilib


“Araz-Naxçıvan” – “Neftçi” İK oyunu başa çatdıqdan sonra Yüksək Liqanın 2022-2023-cü il mövsümünü ilk 3 pillədə başa vuran komandalar mükafatlandırılıb.

Əvvəlcə final oyununun hakimləri – Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılov fəxri kürsüyə dəvət olunub. Ardınca hakim-inspektor Murad Məmmədova diplom verilib.

“Baku Fire"in hücumçusu Oktay Rüstəmli (36 qol) çempionatın bombardiri olub. “Araz-Naxçıvan”dan Emin Kürdov ən yaxşı qapıçı, “Neftçi”dən Namiq Məmmədkərimov ən yaxşı oyunçu, “Baku Fire”in çalışdırıcısı Teymur Eyvazov isə ən yaxşı baş məşqçi seçilib.

“Baku Fire”ə bürünc, “Neftçi” İK-ya gümüş, “Araz-Naxçıvan”a isə Yüksək Liqanın 2022-2023-cü il mövsümünün qalibi kimi qızıl medal, eləcə də komandaların hər birinə müvafiq diplomlar verilib. Sonda “Araz-Naxçıvan”a çempionluq kuboku təqdim olunub.

Mükafatları Azərbaycan Futzal Federasiyasının prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü Zaur Axundov, AFFA-nın baş katibi Sərxan Hacıyev və Neftçi İdman Klubu İB-nin idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov təqdim ediblər.