“Şamaxı” – MUM oyunu başa çatdıqdan sonra Birinci Liqanın 2022-2023-cü il mövsümünü ilk 3 pillədə başa vuran komandalar mükafatlandırılıb. Əvvəlcə final oyununun hakimləri – Ziya Nəsirov, Ceyhun Hüseynov və Kənan Məlikov - fəxri kürsüyə dəvət olunub. Ardınca hakim-inspektor Ramiz Əsədova diplom verilib.
32 qol vuran Elçin İsmayılov (“Şamaxı”) ən məhsuldar oyunçu olub. MUM-dan Elmar Qasımov ən yaxşı qapıçı, “Şamaxı”dan Vüsal İsayev ən yaxşı oyunçu, “Şamaxı”nın çalışdırıcısı Fuad Rzayev isə ən yaxşı baş məşqçi seçilib.
“Baku Fire-2”yə bürünc, MUM gümüş, “Şamaxı” isə Birinci Liqanın 2022-2023-cü il mövsümünün qalibi kimi qızıl medal, eləcə də komandaların hər birinə müvafiq diplomlar verilib. Sonda “Şamaxı”ya çempionluq kuboku təqdim olunub.
Mükafatları Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abasov, “Şamax”ı klubunun İdarə Heyətinin sədri Elçin Usub, müxtəlif illərdə futzal üzrə Azərbaycan milli komandasının kapitanı olmuş Marat Salyanski və Vitali Borisov, federasıyanın əməkdaşı Xosrov Məmmədov təqdim ediblər.