Xəbər verdiyimiz kimi, bu gün UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında final mərhələsi 2020-ci ildə Litvada təşkil ediləcək futzal üzrə dünya çempionatının ilkin və əsas mərhələsinin püşkatma mərasimi keçirilib. Mübarizəyə əsas mərhələdən başlayacaq millimizin baş məşqçisi Joze Alesio da Silva püşkü dəyərləndirib:
“Slovakiyanın yaxşı futzal ənənələri var. Təxminən 3 il əvvəl Azərbaycan millisi bu komandaya qarşı oynayıb. Avropa çempionatının play-off mərhələsi çərçivəsində keçirilən qarşılaşmalar kifayət qədər çətin alınmışdı. 3:1 hesablı qələbə qazanılan oyunu televiziya vasitəsilə izləmişdim. Ancaq bu dəfə fərqli qarşılaşma olacaq. Çünki son 3-4 ildə onlar xeyli inkişaf ediblər. Müxtəlif turnirlərdə, rəsmi oyunlarda iştirak etməklə kifayət qədər təcrübə toplayıblar. Əlbəttə, çətin rəqibdir. Ancaq müqayisə aparsaq Slovakiyadan da güclü komandayla eyni qrupa düşə bilərdik”.
Baş məşqçi ilkin mərhələdən rəqibimiz ola biləcək komandalar haqda da proqnozunu verib: “İlkin mərhələnin H qrupundan Finlandiyanın əsas mərhələyə yüksələcəyini gözləyirəm. G qrupuna gəldikdə, yəqin ki, Niderland birinci yeri tutacaq. Estoniya və ya Bolqarıstanın ikinci yeri tutacağı realdı”.
Braziliyalı mütəxəssis oyunların doğma meydanda keçirilməsinin üstünlük olacağını da qeyd edib: “Evdə oynayacağıq. Bunun üstünlükləri var. Azarkeş üstünlüyünə malik olacağıq, eyni zamanda bələd olduğumuz, hər gün məşq keçidyimi məkanda oyunlarımızı keçirəcəyik. Hansısa ölkəyə səfər etməyəcəyik və komandada yol yorğunluğu olmayacaq”.