AVROPA ÇEMPİONATI
-
Gürcüstan – Azərbaycan: Statistika
Avropa çempionatının final mərhələsindəki ilk rəqibimiz olan Gürcüstan yığması ilə Azərbaycan millisi 3-ü rəsmi olmaqla 9 matçda üz-üzə gəlib. İlk duel 22 il əvvəl baş tutub və heç-heçə başa çatıb. Ümumiyyətlə, bu 9 oyunun 7-də komandamız qələbə qazanıb. Bir matçda heç-heçə qeydə alınıb. Yeganə yenildiyimiz görüş isə 2013-cü ildə keçirilib.
-
Futzal bayramı başlayır
Bu gün Avropa çempionatının final mərhələsinə start veriləcək. Niderlandda təşkil edilən həlledici mərhələnin ilk matçında Serbiya və Portuqaliya komandaları qarşılaşacaq. Oyun saat 20:30-da start götürəcək. Turnirin rəsmi açılışı isə Niderland-Ukrayna görüşündən əvvəl baş tutacaq. Bu duel isə 23:30-da başlayacaq. Hər iki qarşılaşma Amsterdamdakı Ziggo Dome arenasında keçiriləcək. Ümumiyyətlə, qitə birinciliyi Niderland Krallığının iki şəhərində - Amsterdamda və Qroningendə təşkil olunacaq.
-
AÇ: Hansı komanda 11 finalın 9-da iştirak edib?
İndiyə qədər Avropa çempionatı 11 dəfə təşkil olunub. Düzdür, 1996-cı ildə keçirilən ilk qitə birinciliyi Avropa Futzal Turniri adlandırılıb. Çempion statusu növbəti – 1999-cu ildə təşkil edilən yarışa verilib. Bununla belə, indiyə qədər 11 final matçı keçirilib. Ən çox İspaniya millisi çempionluq sevinci yaşayıb. Bu komanda 7 dəfə kuboku başı üzərinə qaldırıb. İtaliya millisi isə 2 dəfə qitənin ən güclüsü olub. Rusiya və Portuqaliya hərəyə bir dəfə adını Avropanın ən güclüsü siyahısına yazdırıb. Maraqlıdır ki, Rusiya millisi 5 dəfə finalda yenilib. Ukrayna yığması isə 2 dəfə çempionluğun bir addımlığında dayanıb. İtaliya və Portuqaliya da hərəyə bir dəfə yenilgini dadıb. Maraqlı məqam odur ki, ən çox final həyəcanını İspaniya yaşayıb. Yeddi dəfə qalib gələn bu komanda iki dəfə meydanı gümüş medalla tərk edib.
-
Millinin AÇ-nin final mərhələsindəki nəticələri
Altıncı dəfə Avropa çempionatının final mərhələsində iştirak edəcək Azərbaycan millisi bu mərhələdə 2010-cu ildə debüt edib. Macarıstanda təşkil olunmuş qitə birinciliyi komandamız üçün uğurlu olub. Belə ki, ilk dəfə həlledici raunda qatılmasına baxmayaraq, millimiz yarımfinal matçlarının iştirakçısı olub. Üçüncü yer uğrunda oyunda isə qrup mərhələsində yendiyi Çexiyaya uduzmaqla medal qazanmaq şansını əldən verib. Onu da qeyd edək ki, 2016-cı ilə qədər UEFA bu göstəricini ən yaxşı debüt kimi qeyd edib. 2012 və 2014-cü illərdə keçirilmiş final mərhələsi isə komandamız üçün uğursuz alınıb. Belə ki, millimiz hər iki final mərhələsində ¼ finala vəsiqə qazana bilməyib. Amma sonrakı 2 qitə birinciliyində komandamız mübarizəni ¼ finalda dayandırıb. Cari Avropa çempionatı isə ilk dəfə 16 komandanın iştirakı ilə keçiriləcək.
-
Son 5 AÇ-də kim, neçə xal toplayıb?
AÇ-2022-nin final mərhələsində iştirak edəcək 16 komandadan dördü – Finlandiya, Bosniya və Herseqovina, Slovakiya və Gürcüstan debütantdır. Qalan 12 milli müxtəlif illərdə qitə birinciliyinin final mərhələsində iştirak edib. Təbii ki, ən çox çempionluq sevincini isə İspaniya millisi yaşayıb – 7 dəfə. İtaliya 2, Rusiya və Portuqaliya hərəyə bir dəfə çempionluq kubokunu başı üzərinə qaldırıb.
Milli komandamız AÇ-nin final mərhələsində 2010-cu ildən iştirak etməyə başlayıb. Biz də həmin qitə birinciliyindən başlayaraq son beş AÇ-nin final mərhələsində iştirak etmiş komandaların qazandıqları xalları hesabladıq və buna uyğun bir turnir cədvəli düzəltdik. Millimiz indiyə qədər final mərhələsində 15 oyun keçirib. Bu matçların 6-da qələbə qazanan komandamız 18 xal toplayıb. Serbiya da millimiz qədər xal toplayıb, lakin onlar 2 oyun az keçirib. Siyahıya isə İspaniya başçılıq edir. Bu komanda son 5 qitə birinciliyində digər komandalardan daha çox oyun keçirib. Daha doğrusu, bütün mərhələlərdə iştirak edib.
-
Rəqibimiz iki yoldaşlıq oyunu keçirəcək
Avropa çempionatının final mərhələsində millimizlə eyni qrupda yer alan Gürcüstan yığması təlim-məşq toplanışına başlayıb. Komanda yanvarın 11-dən etibarən məşqlərini Tbilisdə davam etdirir. Hazırlıq çərçivəsində onlar 2 yoldaşlıq oyunu keçirəcək. Rəqibimiz yanvarın 15-də və 16-da, Tbilisi İdman Sarayında saat 18:00-da Tacikistan millisi ilə üz-üzə gələcək. Komanda Niderlanda yanvarın 19-da yollanacaq. Baş məşqçi Avtandil Asatiani toplanışa bu futzalçıları dəvət edib:
-
AÇ-2022: Arenalar
Avropa çempionatının final mərhələsi iki arenada keçiriləcək. A və C qrupunda yer alan komandalar Amsterdamdakı “Ziggo Dome”də, B və D qrupundakı iştirakçılar isə Qroningen şəhərindəki “Martini Plaza”da qarşılaşacaqlar.
-
AÇ-2022: Təqvim
AÇ-2022-nin final mərhələsinin tam təqvimini diqqətinizə çatdırırıq. Məlumat üçün qeyd edək ki, ilk dəfə bu mərhələdə 16 komanda iştirak edəcək.