Bu gün UEFA Çempionar Liqasında əsas mərhələnin püşkü atılıb və təmsilçimiz “Araz”ın rəqibləri müəyyənləşib. Oktyabrın 8-dən 13-dək keçiriləcək mərhələ qarşılaşmalarında təmsilçimiz “Benfika” (Portuqaliya), “Xerson” (Ukrayna) və “Halle Gooik” (Belçika) klubları ilə qarşılaşacaq. Belçikada təşkil ediləcək qrup oyunları ilə bağlı “Araz”ın qapıçısı Rövşən Hüseynli azfutzal.az saytına açıqlama verib:
“Rəqiblərimizi müəyyən qədər tanıyırıq. Kifayət qədər güclü komandalardır. “Benfika” Belçika çempionatının son qalibidir. Bu klub ölkəsində pley-off-un finalında Çempionlar Liqasının son qalibi “Sportinq”dən güclü oldu. “Benfika” qrupumuzun aşkar favoritidir. Ukrayna çempionu haqda da xoş sözlər söyləmək olar. Çünki bu ölkənin futzalı hər zaman yüksəlişdə olub. “Xerson” gənclərlə təcrübəlilərin vəhdətindən qurulmuş bir komandadır. “Halle Gooik” digər iki rəqibimizə nisbətən zəif hesab edilsə də, qrup oyunlarına evsahibliyi edəcəklərini unutmayaq. Evsahibi komandalara qarşı oynamaq isə hər zaman çətin olur. Ümumiləşdirsək, güclü rəqiblərlə mübarizə aparacağıq, amma mərhələ adlamaq üçün şansımız var. Çünki bu qrupdan 3 komanda elit-raunda yüksələcək. Əvvəlki illərdə biz B yolunda mübarizə apardığımıza görə qrupdan ancaq bir komanda növbəti mərhələyə vəsiqə qazanırdı. Bizə ən azı bir oyunda qələbə qazanmaq və digər matçlarda diqqətli oynamaq lazımdır.
Təbii ki, hazırlıqdan çox şey asılıdır. “Araz” hələ hazırlığa başlamayıb. Məşqlərə başladıqdan və heyətimiz komplektləşdikdən sonra gücümüz haqda danışa bilərik. Ancaq püşkün bu vaxtlarda atılması və rəqiblərimizin müəyyənləşməsi yaxşı haldı. Heyətimizi buna uyğun qurmaq imkanımız olacaq. Oktyabr ayında bizi həm də dünya çempionatının seçmə mərhələsinin oyunları gözləyir və “Araz”ın bu görüşləri ilə millinin qarşılaşmaları arasında maksimum 2 həftəyə yaxın vaxt olacaq. Belə deyək də, bizi payızda maraqlı futzal mövsümü gözləyir. Sentyabrda millinin Rusiyada toplanışı və beynəlxalq turnirdə iştirakı olacaq ki, bu da Çempionlar Liqasına yaxşı hazırlaşmağımıza kömək edəcək”.