...

Joze Alesio Da Silva püşkü dəyərləndirdi


Xəbər verdiyimiz kimi, UEFA Çempionlar Liqasının 2019/20-ci il mövsümünün püşkü atılıb. Bu turnirdəki təmsilçimiz əsas mərhələdə “Benfika” (Portuqaliya), “Halle Gooik” (Belçika) və “Xerson” (Ukrayna) klubları ilə Belçikada qarşılaşacaq. Bəs “Araz”ın baş məşqçisi Joze Alesio Da Silva nə düşünür rəqiblər haqda? Baş məşqçinin azfutzal.az-a açıqlamasını diqqətinizə çatdırırıq:

 

“Çətin qrupda yer aldğımızı deyə bilərəm. “Benfika” Portuqaliya çempionatının qalibidir, özü də onlar pley-off oyununda Çempionlar Liqasının son qalibi “Sportinq”i məğlub ediblər. Nəticələrə əsaslanıb, “Benfika”nın favorit olduğunu vurğulaya bilərəm. Belçika təmsilçisi də güclü komandadır. “Halle Gooik” ardıcıl 3 mövsümdür ki, Belçika çempionu olur. Üstəlik, elit-raunda da yüksəlib. Reytinq cədvəlində də üst sıralarda qərarlaşıb. Həm də qrup oyunlarına evsahibliyi edəcəklər. Ukrayna təmsilçisi də asan rəqib deyil. “Xerson” çempionatlarında aşkar favorit hesab edilən “Uraqan”ı “taxtdan” saldı. Heyətlərində 4-5 braziliyalı oyunçu var. Komandaya ispan baş məşqçi rəhbərlik edir. Bir sözlə, güclü rəqiblərlə qarşılaşacağıq. Bununla rəqiblərimizi böyüdüb, özümüzü kiçiltmirəm. “Araz” da rəqibləri üçün çətin komandadır”.

Braziliyalı mütəxəssis komandasının şanslarını da yüksək qiymətləndirib: “Mərhələ adlamaq üçün yaxşı şansımız var.  Çünki əvvəlki 2 ildən fərqli olaraq bu dəfə A yolunda mübarizə aparacağıq. Deməli, qrupumuzdan 3 komanda elit-raunda yükələcək. Bir qələbə qazanmaqla bu şansı böyük ölcüdə əldə edəcəyik. Digər yandan, heyəti formalaşdırmalıyıq. Hazırda “Araz”ın heyətindəki oyunçuların sayı azdır. Əlbəttə, keyfiyyətli futzalçılarla güclənməliyik. Planlarımız var. Yaxşı hazırlaşmalı, şansımızı qaçırmamalıyıq”.