Avqustun 15-dən Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandası hazırlığını plan üzrə davam etdirir. Azfutzal.az saytına açıqlama verən baş məşqçi Joze Alesio da Silva bunları deyib:
“Məşqlərimiz normal şəkildə davam edir. Artıq bir həftədi birgə məşq edirik. Legioner karyerasını davam etdirən futzalçılarımız da komandaya qoşulur. Qalo və Poletto bu toplanışda və yoldaşlıq oyunlarında bizə kömək edə bilməyəcəklər. Çalışırıq. ki, əlimizdəki heyətlə oyunlara qədər daha faydalı məşqlər edək”.
Braziliyalı mütəxəssis rəqibin güclü olduğunu, oyunların çətin keçəcəyini də vurğulayıb: “Həqiqətən də çətin oyunlar olacaq. Mövsüm hələ başlamayıb, oyunçular məşqlərə bir müddət əvvəl start verib. Belarus istənilən komanda üçün çətin rəqibdir. Bu iki oyun bizim dünya çempionatının seçmə oyunlarına hazırlıq baxımından vacibdir. Düzdür, sentyabrda daha bir toplanışımız olacaq və daha güclü rəqiblərlə birgə turnirdə iştirak edəcəyik. Ona qədər bu iki oyundan maksimum istifadə etməliyik”.
Qeyd edək ki, avqustun 24-dək Bakıda hazırlaşacaq milli ertəsi gün Minskə yola düşəcək. Belarusla oyunlar isə avqustun 26-da və 28-də keçiriləcək. İlk matç Belarusun paytaxtı Minskdə, digər qarşılaşma isə Borisov şəhərində baş tutacaq.