Azərbaycan milli komandasının üzvü Vitali Borisovun azfutzal.az saytına müsahibəsi
- Avqustun 15-dən 24-dək Bakıda toplanış oldu. Komanda artıq bugündən Minskdədir. Hazırlıq necə gedir?
- Bakıda plana uyğun şəkildə məşqlərimizi keçdik. Məşqçi nəyi planlaşdırmışdısa, onları etməyə çalışdıq. Təəssüf doğuran məqam tam heyətlə hazırlıq keçməməyimizdi. Qalo və Fineo bu dəfə müxtəlif səbəblərdən komandaya qoşula bilmədi.
- Mövsümün başlamaması hazırlıq zamanı hiss olunurmu?
- Əlbəttə, hiss olunur. Mayın sonundan uşaqlar məzuniyyətdə idi. Klublar yeni-yeni məşqlərə başlayıb. İki aydan artıq istirahətin nəticəsidir ki, heç 50 faiz hazır deyilik.
- Bəs 10 günlük Bakı toplanışı problemi yoluna qoymağa yetmədi?
- İndiki məqamda bu müddət azdır. Əgər qış fasiləsi zamanı toplanış olsaydı bu müddət kifayət edərdi. Ancaq iki aylıq fasilədən sonra qısa vaxtda toparlanmaq çətindi. Təkcə oyun planında deyil, fiziki hazırlıq baxımından da bunu hiss edirik. Yenə deyirəm, Yüksək Liqa klubları indi-indi hazırlığa başlayıblar. Qısa vaxtda da fiziki hazırlığı istənilən səviyyəyə yüksəltmək mümkün deyil.
- İştirak etməyən oyunçuların yoxluğu hiss olunurmu?
- Deməzdim. Fineo və Qalo istisna olmaqla apreldə Latviyaya və Serbiyaya yollanan heyət burdadır. Uşaqlar gücünü sınayacaq. Təbii ki, yaxşı nəticə qazanmalıyıq. Necə olacaq, zaman göstərəcək.
- Belarus yığmasını yaxşı tanıyırsan. Əsas üstünlükləri nədir?
- Onlarla dəfələrlə oynamışıq. Bizdəki kimi hazırda onlarda da çempionat başlamayıb. Hansı heyətlə oynayacaqlar onu bilmirəm. Ancaq hər zaman fiziki planda güclü olublar. Oyunlarımız çətin keçib. Taktiki cəhətdən necə oynayacaqlarını deyə bilmərəm.
- Belarusun oyun üslubunu, gücünü seçmə mərhələdəki rəqiblərimizdən hansı ilə müqayisə edə bilərsən?
- Slovakiya ilə müqayisə edərdim. Onlar Monteneqro və Moldovadan güclüdürlər, slovaklardan isə geri qalmırlar.
- Millinin rəsmi oyunları ilə əlaqədar qrafik sıx olacaq…
- Bu yaxşı haldı. Sentyabrda Rusiyada keçiriləcək turnirə qatılacağıq. Oyunların sayının çox olması xeyrimizədir. Əsas odur ki, final mərhələsinə vəsiqə qazanaq.
- Rəqibləri izləyirsənmi?
- İzləyirəm. Hərçənd heç bir ölkədə çempionat başlamayıb. Ancaq hamısı hazırlaşır, yoldaşlıq oyunları keçirir, turnirlərdə iştirak edirlər. Biz qrupu birinci pillədə başa vurmalıyıq. Doğma meydanda oynayırıq.
- Milliyə dəvət olunan zaman klubsuz idin. Bu baxımdan vəziyyət dəyişibmi?
- “Marafon Futsal”ın oyunçusu hesab edilə bilərəm. Xarici klublardan təklif almasam, mövsümün sonuna qədər bu komandada qalacam.
- “Marafon Futsal” iddialı gəlir?
- İddialı baş məşqçimiz var. Rəhbərliyin də, komandanın da istəyi ən yüksək nəticəni qazanmaqdı. Heyəti də buna uyğun qururlar.