Futzal üzrə Azərbaycan millisi bu gün Rusiyanın Həştərxan şəhərində təşkil edilən Caspian Cup-2019 turnirində son oyununu keçirib. Komandamız Qazaxıstan futzalçıları ilə qarşılaşıb. Bu oyun ən azı bürünc medalçının kimliyini müəyyənləşdirmək baxımından vacib idi. Hətta Rusiya – İran oyununda ikincilər məğlub olacağı təqdirdə millimiz qələbə qazanmaqla gümüş medalı da əladə edə bilərdi. İstənilən halda, mükafatçılar sırasına düşmək üçün komandamız bu dueldə yenilməməli idi. İlk iki oyunda ardıcıl sarı vərəqə alan Vassora görüşü buraxırdı. Onun yoxluğunda baş məşqçi Joze Alesio Da Silva “5-lik”də Rizvan Fərzəliyevə yer vermişdi. İsa Atayev də zədəli olduğuna görə matçı ehtiyatdan izləyirdi. Oyuna rəqib fəal başladı və tezliklə hesabı açdı. İkinci qol autdan top oyuna daxil edilən zaman Thaqoya dəyib qapıdan keçdi. Növbəti qol isə Birjandan gəldi. 17-ci dəqiqədə fərqi azaltmaq mümkün idi. Cərimə limitini dolduran Qazaxıstan millisinin qapısına 10 metrlik təyin olundu. Amma Amadeunun zərbəsini İqita kornerə çıxarmaqla buna imkan vermədi. Sonrakı dəqiqələri komandamız 5 meydan oyunçusu ilə keçirdi ki, kapitan qapıçını əvəzlədi. Bu rəqibin işinə yaradı. Duqlas fasilə ərəfəsində fərqi 4 top çatdırdı. İkinci hissədə qapıçının meydan oyunçusu ilə əvzlənməsi 27-ci dəqiqədə bəhrəsini verdi. Thaqo bu dəfə fərqi azaldan qola imza atdı. Ancaq 28-ci dəqiqədə Duqlas boş qapını nişan almaqla 4 topluq fərqi bərpa etdi. Oyun sistemini saxlayam komandamız 35-ci dəqiqədə Poletto ilə qola yaxın oldu. Ancaq İqita səhsiz oynadı. 37-ci dəqiqədə Eduardo istəyinə çatdı və turnirdə ikinci dəfə rəqib torunu silkələdi. Bir dəqəqə sonra Kardosunun zərbəsi qapı tirinə tuş gəldi. Beləliklə ikinci dəfə təşkil edilən Caspian Cup turnirində komandamız sonuncu pilləni tutdu.
Azərbaycan – Qazaxıstan (0:4) 2:5
Caspian Cup -2019 turniri.
25 sentyabr 2019. Həştərxan. Zvezdnıy İdman kompleksi. Saat 15:00
Hakimlər: Yuri Neverov, Vladimir Kadıkov, Qriqori Zelençov
Qollar: T. Thaqo, 26:04, Eduardo, 36:20 // C. Yesenamanov, 02:45, T. Thaqo, 12:30 (ö/q), B. Orazov, 17:30, Duqlas, 19:42, 27:27
Sarı vərəqələr: A. Akbalikov, 04:39, D. Nurqojin, 20:47
Azərbaycan
12. Rövşən Hüseynli (q), 2. Eduardo Borges, 3. Teles Thaqo, 8. Rizvan Fərzəliyev (k), 13. Cardoso Everton, 1. Emin Kürdov (q), 14. Vitali Borisov, 17. İsa Atayev, 7. Ramiz Çovdarov, 11. Xətai Bağırov, 9. Faiq Əliyev, 5. Amadeu, 16. Poletto
Baş məşqçi: Joze Alesio Da Silva
Qazaxıstan
2. İqita (q), 3. Dauren Nurqojin, 4. Ariold Knaub, 14. Duqlas, 15. Azat Baliulin, 1. Salaut Bayraliev (q), 8. Dinmuhambet Suleymanov (k), 9. Albert Akbalikov, 12. Bolat Sarbasov, 16. Alişer Sarsenbaev, 17. Birjan Orazov, 20. Cinqiz Yesenamanov
Baş məşqçi: Kaka