Rusiyanın Həştərxan şəhərində təşkil olunan “Caspian Cup-2019” turnirində bu gün Qazaxıstanla keçirilmiş oyundan sonra Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silvanın azfutzal.az-a müsahibəsi
- Oyunla bağlı fikrinizi bilmək istərdik.
- Başlanğıcdan razı qaldım. Üç-dörd qol epizodu yaratdıq. Ancaq Thaqo və Kardoso bundan istifadə edə bilmədi. Biz bunları reallaşdıra bilmədik, əvəzində bəxtsiz qollar buraxdıq. Xüsusilə də ikinci qolu qeyd edərdim. Qapımızda ardıcıl iki qol gördükdən sonra sanki uşaqların oyununda eniş yaşandı. Uşaqların oyundan qopmamasına çalışdıq. Fasilədə onlara hesabı unutmağı, yenidən başlamağı tapşırdım. İkinci hissədə biz daha çox qol vurduq, daha yaxşı oynadıq. Təbii ki, bu qələbə üçün yetərli olmadı. Udmaq istəyirsənsə, şanslarından maksimum istifadə etməlisən. Rəqibin qapıçısının oyununu da ayrıca qeyd etmək istərdim. Iqita oyun ərzində beşinci oyunçu funksiyasını yerinə yetirir, oyunda sürətin düşməsinə imkan vermir. Bu, Qazaxıstan üçün ayrıca üstünlükdür.
- Turnir komandamıza nə verdi?
- Bu turnirin bizə böyük köməyi oldu. Rəqiblərimiz hamısı FİFA-nın reytinq cədvəlində üst sıralarda yer alan komandalardır. Onlarla qarşılaşmalar səhvləri görmək, üzə çıxarmaq baxımından əvəzsiz kömək oldu, eyni zamanda təcrübə qazandırdı.
- Dünya çempionata hazırdırmı millimiz?
- Xeyr, hələ tam hazır deyilik. Daha doğrusu, mən istədiyimi tam ala bilmirəm. Dünya çempionatının seçmə mərhələsinin oyunlarına qədər vaxtımız var. Ona qədər heyətimizi tam komplektləşdirəcəyik. Bu turnirə müəyyən səbəblərdən tam heyətlə gələ bilmədik. Bakıdakı toplanışa və rəsmi oyunlara qədər bunu həll edəcəyik.