UEFA Çempionlar Liqasının əsas mərhələsində keçirən “Araz” – “Halle-Gooik” oyunundan sonra hər iki komandanın baş məşqçisi azfutzal.az saytına açıqlama verib:
Joze Alesio Da Silva (“Araz” klubunun baş məşqçisi): “Bura gələnə qədər fərqli istiqamətdə hazırlaşıb, məşqlər etmişdik. Ancaq səfər zamanı 4 futzalçımızın bizə qoşula bilməyəcəyini biləndə bir gecədə planımızda məcburi dəyişiklik etməli olduq. Razılaşarsınız ki, aylarla məşq etdiyin sistemi bir gecədə dəyişib yeni sistemə uyğunlaşmaq sadəcə, mümkün deyil. İstənilən sistemin tətbiqi üçün üzünmüddətli məşqlər etmək lazımdır. Uşaqlarla danışdıq, toparlanmağa, 6 oyunçu ilə edə biləcəyimizi reallaşdırmağa çalışdıq. Məncə, məhdud heyətlə oyunumuz pis alınmadı. Uşaqlar çox istəkli idilər, meydanda oyun intizamını pozmadılar. Qol vurmaq üçün də epizodlar yaratdıq. Təəssüf ki, onları reallaşdıra bilmədik. İkinci hissədə də pressinq tətbiq etdik. Oyunçularımı da başa düşürəm, çox çətindir. Sabahkı oyun üçün uşaqları yenidən bir yerə yığıb, vəziyyətə uyğun plan cızacağıq. Düzdü, hələ növbəti mərhələyə yüksəlmək üçün şanslarımız var, amma bunu reallaşdırmaq çox çətin olacaq. Düşünürəm ki, gücümüzə qənaət edib, son oyunu daha çox düşünməliyik”.
Fernando Maciel Goncalves (“Halle-Gooik” klubunun baş məşqçisi): “Alesio ilə bir-birimizi illər əvvəldən tanıyırıq. Onun nəyə qadir olduğunu bilirəm. Buna görə də qarşılaşmanın çətin keçəcəyini bilirdim. Matça fərqli hazırlaşmışdıq. Hesaba baxmayaraq, həqiqətən də gərgin və çətin oyun alındı. Qarşılaşmanı xeyrimizə dəyişməyi bacardıq. Təbii ki, uğurlu başlanğıcın davamını “Xerson”la matçda da gətirməliyik. Çətin olacaq, amma bacarmağa çalışacağıq”.