Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində keçirilmiş “Araz” – “Benfika” oyunundan sonra hər iki baş məşqçinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
Joze Alesio Da Silva (“Araz” klubunun baş məşqçisi): “Olanları təkrarlamaq istəmirəm. Artıq baş verənlərlə bağlı dünən də danışmışam. Məncə, bu gün daha yaxşı müübarizə apardıq. Çünki “Halle Gooik”lə oyundan sonra necə oynayacağımızı müəyyənləşdirdik. Amma yorğunluq sözünü dedi. İkinci hissədə uşaqların ayaqları sanki işləmirdi, beyinləri yorulmuşdu. Birinci hissədə 3 qol buraxdıq. Fasiləyə qədər gücümüz daha çox idi. Təəssüf ki, səhvlərdən qaça bilmədik. Vurulan qolların bəzisini “hədiyyə” etdik. Bu da yorğunluğun, ardıcıl iki matçı 6 oyunçu ilə keçirməyimizin nəticəsidir. “Benfika” isə fərqli keyfiyyətlərə malik komandadır. İstər taktiki, istərsə də texniki cəhətdən onlar qrupun aşkar favoriti, ən güclüsüdür.
Şansımız “Halle Gooik” – “Xerson” oyununun nəticəsindən asılıdır (açıqlama qarşılaşmadan əvvəl alınıb. Həmin oyunda "Xerson" qələbə qazanıb və "Araz" mübarizəni dayandırmalı olub). Ukrayna futzalçıları qələbə qazana bilməsə, şənbə gününü fərqli etməyə çalışacağıq. İstənilən halda son matçda da “döyüşəcəyik”.
Joel Rocha (“Benfika” klubunun baş məşqçisi): “Çətin və maraqlı oyun oldu. Biz ağıllı, səliqəli, intizamlı oynadıq. Məşqdə etdiklərimizi 100 faiz meydanda həyata keçirdik. “Araz”ın üzləşdiyi problemlə xəbərdaram. Bu komandanın heyətində mübarizə aparan 6 oyunçu qəhrəmandır. Onlar iki gün ardıcıl olaraq bu cür oyunlar keçirdilər. Təbii ki, biz qrupu birinci pillədə başa vurmaq üçün mübarizəmizi sona qədər davam etdirəcəyik. Son matçda Belçika çempionu ilə qarşılaşacağıq ki, onlara meydan amilindən istifadə etməsinə imkan verməməyə çalışacağıq”.