DÇ-2020-nin seçmə mərhələsinin Moldova ilə oyununda Azərbaycan yığmasının ilk qolunu vuran Bolinya üçün bu top əlamətdar olub. O, millinin heyətində rəsmi turnirlərdə 15-ci qoluna imza atıb. Söhbət dünya və Avropa çempionatlarının seçmə, pley-off və final mərhələlərindəki qollardan gedir. Millidə DÇ-2016-nın final mərhələsində debüt edən hücumçu qol hesabını da Kolumbiyadakı mundialda açmışdı. Həmin turnirdə 7 qol vuran Bolinya AVRO-2018-də də eyni sayda uğura sevinib. 4 dəfə seçmə, 3 dəfə final mərhələsində fərqlənən oyunçu DÇ-2020-nin Bakıda keçirilən seçmə oyunlarına qədər ümumilikdə 14 qola imza atmışdı. Moldova ilə görüşdəki ilk qolla yubiley – 15-ci topunu vuran Bolinya matçın sonlarında bu rəqəmi 16-ya çatdırıdıb. Bununla da futzalçı Azərbaycan yığmasının tarixində dünya və Avropa çempionatlarının seçmə, pley-off, final mərhələlərində ən çox qol vuran oyunçuları arasında 3-cü yerə şərik olub. O, Eduardo ilə eyni sayda – 16 qol vurub. Ən çox qola imza atanlar isə Vitali Borisov (26) və Ağatahir Əzimovdur (23).