DÇ-2020-nin əsas mərhələsi çərçivəsində bu gün keçirilmiş Azərbaycan – Monteneqro oyunundan sonra hər iki komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
Joze Alesio Da Silva (Azərbaycan milli komandasının baş məşqçisi): “Bugünkü oyunda qorxduğum başıma gəldi. Komandam meydana çox arxayın, konsantrasiyasız çıxmışdı. Birinci hissədə bu aşkar görünürdü. Nəticədə çox pis oynadıq. Çoxdan idi bu cür intizamsız, zəif oynamırdıq. Ancaq fasilədən sonra vəziyyəti dəyişə bildik. Monteneqro heç də zəif komanda deyil. Bunu uşaqlara da demişdim. Baş verənlərə rəğmən, qələbə qazandıq və elit-raunda vəsiqəni təmin etdik. Son oyunda Slovakiya yığması ilə qarşılaşacağıq. Şanslarımız bərabərdir. Bütün rəqiblərə hörmətlə yanaşırıq. Slovakiya hazırda birinci yerdə qərarlaşsa da, bizim də qrup qalibi olmaq kimi iddiamız var. Ciddi hazırlaşacağıq. Rəqibin necə oynadığını, oyunçularının hansı keyfiyyətlərə malik olduğunu bilirik. Şənbə günü tam fərqli oyun olacaq. Fikrimcə, komandanı bu cür oyuna motivasiya etmək asan olacaq. Heyətimizdə cəzalı futzalçı da yoxdur”.
Sveto Ljesar (Monteneqro milli komandasının baş məşqçisi): “Yaradılan şəraitə və qonaqpərvərliyə görə Azərbaycana təşəkkürümüzü bildiririk. Biz futzal yarışlarında iddialı ölkələrdən hesab edilmirik. Bu cür turnirlərdə təcrübəmizi artırırıq. Komandam Azərbaycana qarşı yaxşı oynadı. Amma Slovakiya ilə görüşü çox pis keçirmişdik. Artıq Azərbaycan və Slovakiya vəzifəsinin öhdəsindən gəlib. Məncə, komandanız qrupu birinci pillədə başa vuracaq. Çünki Azərbaycan millisi fərqli oyun nümayiş etdirir. Ümumiyyətlə, millinizin dünya çempionatının final mərhələsinə yüksəlmək üçün yaxşı şansı var. ”.