...

“Araz” bu gün mübarizəyə başlayır


UEFA Çempionlar Liqasının əsas mərhələsində “Araz” bu gün ilk oyununu keçirəcək. Slovakiyanın Luçenec şəhərindəki Sportova Hala Arenada təmsilçimiz Litva çempionu “Vytis”lə qarşılaşacaq.

Bakı vaxtı ilə saat 17:30-da başlayacaq oyunu İvan Şabanov (Rusiya), Sven Eichler (Almaniya) və David Schaerlidən (İsveçrə) ibarət hakimlər briqadası idarə edəcək.  

Qeyd edək ki, oyun bir neçə məqamlarla əlamətdar olacaq. Belə ki, 2008-ci ildə “Araz”ın baş məşqçisi təyin edilən və qısa fasilə istisna olmaqla komandanın ən üzünmüddətli baş məşqçisi olan Joze Alesio təmsilçimizin “sükanı” arxasında 35-ci avrokubok oyununa çıxacaq. İndiyə qədər 34 dueldə komandanın baş məşqçisi olan braziliyalı mütəxəssis “Araz”la 20 dəfə qalib gəlib, 7 heç-heçə edib və eyni sayda məğlubiyyət alıb, 137 top vurub, 89-nu buraxıb.

“Araz” klubunun aktivində isə ümumilikdə indiyə qədər 34 avrokubok qələbəsi var. İndiyə qədər 61 oyun keçirən ölkə çempionu 9 qarşılaşmada heç-heçə edib, 18 dəfə məğlub olub. 250 qol vuran “Araz” 167-sini buraxıb.