...

UÇL: “Valletta” – “Araz”: Məşqçi fikirləri


Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsinin 8-ci qrupunda keçirilmiş “Valletta” - “Araz” oyunundan sonra hər iki komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:

Xavier Saliba (“Valletta” komandasının baş məşqçisi): “Bizi çətin qarşılaşmanın gözlədiyini bilirdik. Çünki rəqibimizin bu cür yarışlarda təcrübəsi çoxdur. Oyunu müdafiədən qurmuşduq və rəqibi əks-hücumlarda yaxalamağa çalışdıq. Birinci hissədə səhv etdik və təcrübəli rəqibimiz bunu bizə bağışlamadı. İkinci hissədə oyun planında dəyişiklik etdik. Xüsusilə də rəqib iki dəfə qırmızı vərəqə alaraq azlıqda qaldıqdan sonra oyunu meydanın onlara aid hissəsində keçirməyə çalışdıq və bəhrəsini gördük. Nəticə bizi qane etdi. Hələ bu cür yarışlara uyğunlaşmağa çalışırıq”.

 

Joze Alesio Da Silva (“Araz” komandasının baş məşqçisi): “Oyuna normal başladıq. Ancaq tədricən yorğunluq futzalçılarda əsəblərin tarıma çəkilməsinə səbəb oldu. Nəticədə oyun intizamı pozuldu, yersiz top itkilərinə yol verdik, iki oyunçumuz qırmızı vərəqə aldı. Onsuz da heyətimiz məhdud idi. Oyun ərzində iki dəfə azlıqda mübarizə aparmağımız işimizi daha da çətinləşdirdi. Halbuki görüş ərzində maksimum dərəcədə sakit olmalarını və oynamalarını tapşırırdım. Demək olar, növbəti mərhələyə yüksəlmək şansımızı itirdik”.