Dünya çempionatının elit-raund mərhələsinə hazırlığını davam etdirən Azərbaycan milli komandasının üzvü İsa Atayevin azfutzal.az saytına müsahibəsi
- Hazırlıq necə gedir? Əsasən fiziki, yoxsa taktiki planda məşqlər keçirilir?
- Plan üzrə hazırlığımızı davam etdiririk. Həm taktiki məşqlər keçirik, həm də fiziki çalışmalara yer verilir. Baş məşqçi fiziki hazırlıq üzərində daha çox dayanır. Çünki Yüksək Liqada dekabrın sonlarından fasilə yaranıb və oyunçuların hamısı demək olar, istirahətdən dönüb. Belədə fiziki hazırlığı yüksəltmək vacibdir. Topla məşqlərimiz da olur, ancaq taktiki çalışmalara heyət tam toplaşdıqdan sonra daha çox vaxt ayrılacaq.
- Toplanışa artıq çəki və ya hazırlıqsız gələn futzalçı varmı?
- Biri var komanda ilə hər gün məşqlər edəsən, biri də var gündəlik fərdi hazırlıqla kifayətlənəsən. Bunlar fərqli məqamlardır. Ancaq heç kim düşərgəyə artıq çəki ilə gəlməyib. Buna görə də fiziki formamızı qısa vaxtda tam bərpa edəcəyik. Çünki istirahətə yollansaq da, demək olar, hər gün məşq edirdik ki, fasilədən sonra çox əziyyət çəkməyək. Komandanın hazırlıq keçməsi üçün normal şərait yaradılıb. Bəzən gün ərzində 2, əksər hallarda isə bir məşqlə kifayətlənirik.
- Baş məşqçi əsasən nələrə diqqət etməyi tapşırır?
- Nizam-intizama xüsusi diqqət yetirir. Hər birimizdən gündəlik rejimə riayət etməyimizi, məşqlərə ciddi yanaşmağımızı, oyunlara konsantrasiya olmağımızı, məşqdə verilən tapşırıqları düzgün yerinə yetirməyi tələb edir. Çünki bu mərhələdə buraxılacaq hansısa səhvin bərpası yoxdur. Komanda olaraq ən yüksək nəticəni qazanmağa köklənmişik. Ona görə də hazırlığımızı ən yüksək səviyyəyə qaldırmalıyıq.
- Rəqiblərlə bağlı hansı məlumat əldə etmisən və ya baş məşqçi hansı məlumatları verib?
- Rəqiblərimizdən ən çox Rusiya ilə həm rəsmi, həm də beynəlxalq turnirlərdə dəflərlə üz-üzə gəlmişik. Sonuncu duelimiz sentyabrda olub. Slovakiya millisi ilə oktyabrda Bakıda görüşmüşük. Xorvatiya ilə də oyunlarımız olub və müsbət nəticə əldə etmişik. Bu komandanın ötən ay Ukrayna millisinə qarşı keçirdiyi oyunlarını izləmişik. Taktiki və fiziki cəhətdən yaxşı hazırlıqlı, mobil komandadır. Əlbəttə, hər birinin özünəməxsus üstün və zəif cəhətləri var. Baş məşqçimiz də bunu təsbit edib. Oyunlara yaxın necə mübarizə aparacağımızı deyəcək. Aydın məsələdir ki, biz onlarla necə maraqlanırıqsa, rəqiblərimiz də bizi analiz edir, istifadə edə biləcəkləri zəif tərəflərimizi axtarırlar.
- Ardıcıl ikinci dəfə dünya çempionatına yollanmaq şansımız nə qədərdir?
- 50-nin 50-yə dəyərləndirərdim. Futzaldı, istənilən görüşdə 10 saniyə ərzində oyunun taleyini həll etmək mümküdür. Ona görə də əvvəlcədən nəticə barədə 100 faizlik fikir bildirmək olmaz. Biz də çox istəyirik ki, ikinci dəfə ən mötəbər yarışda ölkəmizi təmsil edək. Hansı komanda yaxşı hazırlaşsa, imkanlarından düzgün istifadə etsə, qələbəni də o qazanacaq. İnanıram və daxilimdəki hisslər həmin komandanın biz olacağını deyir.
- Hər 3 komandanı ayrılıqda necə xarakterizə edərdin?
- Turniröncəsi reallığı nəzərə alsaq, favorit Rusiya millisi hesab olunur. İkinci özümüzü, üçüncü isə Xorvatiya futzalçılarını görürəm. Bizim üçün bütün suallara ilk oyundan sonra aydınlıq gətiriləcək. Xorvatiya ilə onların meydanında finala bərabər görüş keçirəcəyik. Slovakiyanı aşağılamıram. Bakıda da onlarla oyunumuz ağır keçdi. Bu komanda da sürpriz edə bilər. Biz bütün diqqətimizi meydan sahibi komanda ilə yanvarın 29-da keçirəcəyimiz oyuna yönəltmişik.
- Özbəkistanla qarşılaşmalar hazırlıq baxımından nə kimi fayda verəcək?
- Səfərdən əvvəl onlarla oyunların keçirilməsi ancaq faydalı olacaq. Çünki oyun təcrübəsinə böyük ehtiyacımız var. Bu oyunlarda səhvlərimizi görəcəyik. Ondan sonra həmin çatışmazlıqları aradan qaldırmağa vaxtımız olacaq.