2020-ci il sentyabrın 12-dən oktyabrın 4-dək Litvada keçiriləcək dünya çempionatının loqosunun təqdimat mərasimi olub.
Litvanın paytaxtı Vilnusdakı MO muzeyində keçirilən tədbirdə təşkilatçı ölkənin futbol federasiyasının prezidenti Tomas Danileviçius, baş katib Edqaras Stankeviçius və FİFA-nın turnirlər üzrə rəhbəri Jaime Yarzaın salamlama nitqindən əvvəl işıq şousu altında yeni loqo təqdim olunub. Emblemdə Litvanın iki qürurverici xüsusiyyəti – təbii ehtiyatları və texnoloji təcrübəsi vurğulanıb. Litvada gücün simvolu hesab edilən palıd ağacının yarpaqlarının da təsvir olunduğu kubok Litvanın dövlət bayraqlarının rəngləri ilə bəzədilib. Landşaftın üstünlüyü isə Litvanın öz təbii irsinin qorunmasına sadiqliyinin göstəricisi kimi qeyd olunub.
Qeyd edək ki, Avropa qitəsi üzrə iştirakçı komandalardan 4-nün adına bu ayın sonunda və fevralın əvvəlində keçiriləcək elit-raund mərhələsinin oyunlarından sonra aydınlıq gətiriləcək. Qalan iki komanda isə apreldə keçiriləcək pley-off oyunlarından sonra vəsiqə qazanacaq. Ümumilikdə isə evsahibi ölkə ilə birlikdə Avropanın 7 milli komandası mundialın final mərhələsində mübarizə aparacaq.