Dünya çempionatının elit-raund mərhələsinə hazırlığını davam etdirən Azərbaycan milli komandasının bu gün mətbuat üçün açıq məşqi, məşqdən əvvəl isə baş məşqçi Joze Alesio Da Silvanın və kapitan Rizvan Fərzəliyevin brifinqi keçirilib.
“Olimpik Star” İdman və Əyləncə kompleksinin futzal zalında əvvəlcə baş məşqçi hazırlıqla bağlı məlumat verib: “Yanvarın 13-dən hazırlığa başlamışıq. Artıq 6 gündür ki, məşqlərimizi davam etdiririk. Əsasən yerli çempionatda çıxış edən futzalçılar məşqlərdə iştirak edir. Ölkədən kənarda karyerasını davam etdirən oyunçulardan Oliviera Villiams “Vassoura”, Sezar Conatan və İsaq Surqalı hazırda bizimlə birlikdə məşq edir. Teles Thaqo və Eduardo Borges də tezliklə komandaya qoşulacaq. Hazırda onların çıxış etdikləri klublar rəsmi oyunlar keçirir. Bir neçə oyunçumuz isə birbaşa Xorvatiyaya gələcək. Təbii ki, tam heyətlə hazırlaşa bilməməyimiz müəyyən çətinlik yaradır. Ancaq biz yaradılan şəraitdən komandanın daha yaxşı hazırlıq keçməsi üçün maksimum istifadə edirik. Çünki Xorvatiyada da müəyyən qədər vaxtımız olacaq”. Şansları dəyərləndirən Alesio rəqiblərə hörmətlə yanaşdığını da gizlətməyib: “Oyunlardan əvvəl bütün komandaların şansı eynidir. Rəqiblərimizin real gücünü nəzərə alaraq deyə bilərəm ki, bizim qrupdan çıxmaq şansımız 50-nin 50-yədir. Eyni zamanda, rəqiblərimiz bizdən çəkinməsələr də, hörmətlə yanaşırlar və nəyə qadir olduğumuzu bilirlər”. Baş məşqçi komandanın qarşısına konkret məqsədin qoyulduğunu da açıqlayıb: “Minimum tapşırıq pley-off mərhələsinə vəsiqə qazanmaqdır. Təbii ki, final mərhələsində oynamaq istəyirik. Buna nail olmaq üçün mübarizə aparacağıq. Ancaq indi sırf Xorvatiya ilə qarşılaşmanı düşünürük”. Futzalçıların fiziki hazırlığına da toxunan mütəxəssis bunları deyib: “Hazırda fiziki baxımdan komanda üzvlərinin vəziyyəti yaxşıdır. Yüksək Liqada fasilə yarandığından, biz məşqlərə erkən start verdik. Yanvarın 6-da millinin bazasını təşkil edən “Araz” komandası təlim-məşq toplanışlarına başladı. Bilirdik ki, istirahətdən sonra bir qədər çətin olacaq. Bundan başqa, Vassoura və Thaqo da zədədən dönüblər. Onların hazırlıq durumu da nəzarətdədir”. Braziliyalı mütəxəssis qrup oyunlarının təqvimindən məmnün olduğunu da gizlətməyib: “Şikayətim yoxdur. Güclü rəqiblərlə ardıcıl oyunlar keçirəcəyik. Əlbəttə, gücümüzü elə böləcəyik ki, hər iki oyunda müsbət nəticə qazanmağa çatsın”. Sonda baş məşqçi yanvarın 21-də və 22-də Özbəkistanla keçiriləcək yoldaşlıq oyunlarına da toxunub: “Özbəkistan millisi yaxşı komandadır. Bu oyunda 17 nəfərlik heyəti yoxlayacam. Çünki biz Xorvatiyaya 14 futzalçı ilə yollanacağıq”.
Milli komandanın kapitanı Rizvan Fərzəliyev isə rəqibləri dəyərləndirib: “İlk oyunda meydan sahibi komanda ilə qarşılaşacağıq. Bir tərəfdən yaxşıdır, əsas rəqibimizlə üz-üzə gələcəyik, amma meydan sahibi olmaları, heyətlərində keyfiyyətli futzalçıların olması bizim üçün yaxşı məqam deyil. Uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Təbii ki, məqsədimiz final mərhələsinə yüksəlməkdi”.
Fərzəliyev Rusiya millisini heç də aşkar favorit hesab etmir: “Deməzdim ki, Rusiya millisi aşkar favoritdir. Rusiya yığması ilə yaxın keçmişdə turnirlərdə üz-üzə gəlmişik. Bizdən heç də aşkar üstün deyildirlər. Razıyam, təcrübəli komandadır, dəfələrlə Avropa, dünya çempionatlarının finalında iştirak edib. İstənilən hər bir komandanın şansı bərabərdir. Komandamıza güvənirəm, inanıram və mərhələ adlayacağımıza inanıram”.
Qeyd edək ki, Azərbaycan millisinin yer aldığı C qrupunun oyunları yanvarın 29-da, 30-da və fevralın 1-də Xorvatiyanın Osiek şəhərində keçiriləcək. Komandamız müvafiq olaraq Xorvatiya, Rusiya və Slovakiya yığmaları ilə qarşılaşacaq. Qrup qalibləri birbaşa final mərhələsinə yüksələcək. İkinci pilləni tutan komandalar isə aprelin 9-da və 12-də keçiriləcək pley-off oyunlarında iştirak edəcək. Qaliblər həlledici mərhələdə oynamaq hüququ qazanacaq.