...

Cavab oyunları keçirilib


Bu gün keçirilmiş 10 oyunla Azərbaycan kubokunun 1/32 final mərhələsinin cavab oyunlarına yekun vurulub. 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar şəhidlərin ölməz xatirəsinə ehtiram əlaməti olaraq 1 dəqiqəlik sükut elan olunub. Qarşılaşmalara gəldikdə, “Gənclik” cavab oyununda da qələbə qazandı. Düzdü, U-19 oyuna daha istəklə və inamla başlamışdı. Ancaq Şahmar Cəfərovun qırmızı vərəqə alması vəziyyəti gərginləşdirdi. Ridan Babayev də meydanı erkən tərk edənlərdən oldu. Nəticədə üstünlüyünü artıran “Gənclik” İK bu dəfə böyükhesablı qələbə qazandı. İkinci oyun daha gərgin və dramatik alındı. “Xızı Yasamal” birinci hissənin ortalarında hesabı 5:0-a çatdırsa da, “Bibi-Heybət”in geridönüş etməsinə mane ola bilmədi. Yekunda 5:5 hesabı qeydə alındı. Rəqib meydanında daha çox qol vurduğuna görə, İkinci Liqa təmsilçisi mərhələ adlayan tərəf oldu. “Borçalı” isə cavab oyununda daha çox qol vurmaqla ümumilikdə 26:3 hesablı qələbəyə sevindi. AzMİU – “Baker Hughes” dueli isə sona 4 saniyə qalmış dayandırıldı. Buna səbəb universitet komandasının heyətində yetərsayın olmamasıdır. Belə ki, AzMİU komandasının 3 oyunçusu qırmızı vərəqə aldığına görə, hakimlər görüşü dayandırdı. Nəticə ilə bağlı İntizam Komitəsi qərar verəcək. Günün maraqlı qarşılaşmalarından biri ADBTİA və “Baker Tilly” komandaları arasında keçirildi. İlk oyunda İkinci Liqa komandası 4:1 hesablı qələbə qazanmışdı. Buna görə də Birinci Liqa klubuna 3:0 hesablı qələbə lazım idi ki, elə ilk qolu da Namiq Quliyevin yetirmələri vurdu. Ancaq rəqibin səhvlərini bağışlamayan “Baker Tilly” fasiləyə qədər ardıcıl 2 qol vurdu. Bundan sonrakı dəqiqlərdə ADBTİA-ya mərhələ adlamaq üçün ən azı 5 qol vurmaq və ya 4 top fərqi ilə qələbə qazanmaq gərəkirdi ki, “idmançılar” bunu nəyinki bacardı, əksinə, “Baker Tilly”in fərqi artırmasına mane ola bilmədi. Onu da qeyd edək ki, ADBTİA-nın əsas oyunçularından Comərd Baxşəliyev zədələnərək görüşün yarımçıq tərk etdi. Maraqla gözlənilən öz liqalarının liderlərinin duelinə “AjaxBaku” itiki ilə çıxmışdı. Kapitan Eşqin Tağıyev ilk oyunda qırmızı vərəqə aldığına görə, bu dəfə meydana çıxmamışdı. Hesabı Nicat Qafarlı açdı. Ancaq “AjaxBaku” tezliklə status-kvonu bərpa etdi. Əsgər Hümbətov fərqləndi. NTD növbəti dəfə hesabı lehinə dəyişdi. Bu dəfə Zakir Kərimov adını tabloya yazdırdı. Təmraz Əmircanov 10 metrlik zərbəni dəqiq yerinə yetirməklə yenidən hesaba tarazlıq gətirdi. “AjaxBaku”nu oyunda ilk dəfə önə keçirən qolu da Əmircanov vurdu. Di gəl, Mirmehdi Rzayev tezliklə bərabərliyi təmin etdi. Sonrakı dəqiqlərdə NTD 3 qol vuraraq mərhələ adlayan tərəf oldu. İlk oyunda hərəyə 8 qol vuran komandaların duelində isə “Zəngilan” sevindi. Fasiləyə qədər avtoqol sayəsində hesabda önə keçən Birinci Liqa iştirakçısı ikinci hissədə üstünlüyünü artırmağı bacardı. 3:3 hesablı heç-heçənin revanşında isə “Forza Neftçi” qələbə qazandı. “Advokat” da çətinliklə üzləşmədi və ötən mövsümün finalçısı mübarizəni davam etdirmək hüququ qazandı. Bu mərhələnin son matçında qələbə sevincini “Standard” yaşadı. Birinci Liqanın iddialı təmsilçisi birinci oyundakı üstünlüyünü bu dəfə də davam etdirdi. Beləliklə, “Dalğa”, “Yurd” MFK, “Hövsan”, “Altay”, “Baku Fans”, “Yasamal” İSK-2, “Star karqo”, “Atletiko Baku”, “Star karqo-2”, “Red Line”, “Gənclik” İK, “Bibi-Heybət”, “Borçalı”, “Baker Tilly”, NTD, “Zəngilan, “Forza Neftçi”, “Advokat” və “Standard” komandası 1/16 finala vəsiqə qazanıb. AzMİU – Baker Hughes görüşü ilə bağlı İntizam komitəsi qərar qəbul edəcək. Qeyd edək ki, bu komandalar arasında keçirilmiş ilk oyunda “Baker Hughes” 5:3 hesabı ilə qalib gəlib.

 

U-19 – Gənclik İK 2:7

İlk oyun: 2:4

Xızı Yasamal – Bibi-Heybət 5:5

İlk oyun: 3:3

Çinar Cəbrayıl – Borçalı  2:14

İlk oyun: 1:12

AzMİU – Baker Hughes 4:4 (oyun başa çatmayıb)

İlk oyun: 3:5

ADBTİA – Baker Tilly 1:4

İlk oyun: 1:4

AjaxBaku – NTD 3:6

İlk oyun: 4:2

Zəngilan – Bədr FK Xocalı 3:2

İlk oyun: 8:8

Forza Neftçi – Təbriz 4:2

İlk oyun: 3:3

Rayyan MFC – Advokat 5:8

İlk oyun: 3:8

Standard – AZZERS 5:2

İlk oyun: 6:2