DÇ-2020-nin elit-raund mərhələsində mübarizəyə başlayan millimiz ilk cəhdə yenilgi ilə üzləşdi. Xorvatiya ilə matçdan sonra komandamızın aparıcı üzvlərindən Vassora azfutzal.az saytına açıqlama verib:
“Çətin oyun oldu. Məncə, yaxşı oynadıq. Ancaq vacib olan qələbə qazanmaq idi ki, bunu bacarmadıq. İlk oyunlarda hər zaman stress, əsəb gərginliyi olur”. Bu sözləri azfutzal.az saytına açıqlamasında Azərbaycan milli komandasının üzvü Vassora deyib.
O, elit-raund mərhələsinin Xorvatiya ilə keçirilmiş ilk matçını dəyərləndirib. Futzalçı rəqibə də hörmətlə yanaşdığını bildirib: “Rəqibimiz doğma meydanda çıxış edirdi. Bu da onlarda özünəinam yaratmışdı. Bizim də qapı istiqamətinə çoxlu zərbələrimiz oldu. Təəssüf ki, hədəfə düşə bilmədik. Hətta qapı dirəyini də nişan aldıq”.
Millinin üzvü azarkeşləri ümidini itirməməyə çağırıb: “Rusiya millisi növbəti rəqibimiz olacaq. Onlar güclü olsalar da, yenilməz deyillər. Rəqibimizə hörmət edirik. Ancaq öz oyunumuzu oynamağa, rəqibin zəif tərəflərindən xeyrimizə istifadə etməyə çalışacağıq. Təbii ki, “idman xoşbəxtliyi”nin də tərəfimizdə olması vacibdir”.