Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində son oyununu keçirən “Araz” komandasının baş məşqçisi Joze Alesio Da Silva qarşılaşma ilə bağlı affa.az və azfutzal.az saytlarına fikrini bildirib:
“Bu gün daha yaxşı oynadıq. Heyətlə bağlı problemlərimiz var idi. Üç futzalçımız cəzalı, biri isə zədəli olduğuna görə bizə kömək edə bilmədi. Meydana buraxdığım oyunçuların əksəriyyəti arxada qalan 2 qarşılaşmanı əsasən ehtiyatda keçirmişdilər. Oyunun əvvəlində həyəcanlı olsalar da, bunu tez dəf etdilər. Birinci hissədə daha yaxşı çıxış etdik. Heyətlə bağlı problem ikinci hissədə özünü göstərdi. Oyunu cəmi 6 futzalçı ilə keçirməyimiz yorğunluğa səbəb oldu.
Turnirə gəldikdə, indi kiçik klub anlayışı qalmayıb. İlk gündən qrupun favoritinin “Vytis” olduğunu demişdim. Nəticələr fikrimdə yanılmadığımı göstərdi. Qrup mərhələsini 3 xal qazanmadan başa vurmağımız yaxşı hal deyil. Ancaq hər üç oyunda qələbə qazanmağa yaxın idik. Problemimiz qol epizodlarından düzgün istifadə edə bilməməyimizlə bağlıdı. Uşaqlar mübarizə apardılar. Yekun hamımız üçün üzücüdür”.