...

Rövşən Hüseynli millinin məqsədini açıqladı


AÇ-2022-nin qrup mərhələsində millimizin qarşılaşacağı rəqibləri müəyyənləşib. Slovakiya, Moldova, Türkiyə-Yunanıstan cütünün qalibi ilə birinci yer uğrunda yarışacaq komandamız mübarizəyə noyabrda başlayacaq. Püşklə bağlı millinin qapıçısı Rövşən Hüseynli azfutzal.az-a bunları dedi:

Rəqiblərimizdən biri tam müəyyənləşməyib. Söhbət Türkiyə-Yunanıstan duelindən gedir. Bu cütün qalibi bizim qrupda yer alacaq. Məncə, hazırda Yunanıstan millisi inkişafdadır. Məşqçilər korpusunda braziliyalı mütəxəssis də var. Onların şansı daha çox görünür. Slovakiya və Moldova haqda isə çox danışmağa ehtiyac yoxdur. Son rəsmi oyunlarda hər iki komanda ilə qarşılaşdıq. Bakıdakı seçmə oyunlarda həm Moldovanı, həm də Slovakiyanı məğlub etdik. Ancaq Slovakiya ilə 3 ay sonra Xorvatiyada yenidən rəqib olduq və bu dəfə duel heç-heçə başa çatdı. Halbuki matçın gedişində məğlub duruma düşmüşdük və son saniyələrdə status-kvonu bərpa etdik. Həmin qarşılaşmada onlar bizdən heç də güclü deyildilər. Sadəcə, qrupdakı vəziyyəti oyuna köklənməyimizə mənfi təsir göstərdi.

Digər qruplara da diqqət yetirsək, biz daha münasib rəqiblərlə qarşılaşacağıq. Reytinq baxımından da biz qrupun favoriti hesab edilirik. Ancaq koronavirus pandemiyası ilə əlaqədar 6 aydır futzaldan uzaq düşmüşük. Bildiyiniz kimi, idman zallarının fəaliyyəti dayandırılıb. Lakin legioner həyatı yaşayan komandamızın üzvləri  oyunlar keçirirlər ki, bu da müsbət məqamdır. İstənilən halda, millinin bir məqsədi var: qrup qalibi olmaq və növbəti dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq”.