Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində yanvarın 29-da Slovakiya, fevralın 2-də isə Yunanıstan yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası dünən təlim-məşq toplanışına başlayıb. Təxminən 11 aylıq fasilədən sonra Bakı İdman Sarayında ilk məşqini keçirən komandamızın qapıçısı Rövşən Hüseynli azfutzal.az saytına müsahibə verib.
- 11 aylıq fasilədən sonra milli ilk dəfə Bakı İdman Sarayında məşqə çıxdı. Özünü necə hiss edirdin?
- Əvvəlcə Vətən müharibəsində qazanılan qələbə münasibəti ilə hər birinizi təbrik edirəm. Fəxr edirəm ki, bizim federasiyanın da əməkdaşları bu qələbədə pay sahibi oldular. Bugünkü (dünən) məşqimizə gəldikdə, adama yuxu kimi gəlirdi: həm sevinc, həm də həyəcan var idi. Fiziki olaraq özümü hazır hesab edirəm. Çünki 1 aya yaxındır açıq havada fərdi məşqlər edirdim. Əlbəttə, bu dəqiqə parket üzərində əvvəlki komfortu hiss edə bilmirik. Meydançadakı hərəkətləri bir qədər yadırğamışıq. Yumşaqlığı hiss edə bilmirik, topla hərəkətdə çətinlik çəkirik. Çatışmazlıqlar tədricən düzələcək.
- Oyuna təxminən 10 gün vaxtınız qalıb. Bu müddət hər iki görüşə hazırlaşmaq üçün kifayət edəcəkmi?
- Əvvəlki formamızı bərpa etmək baxımından kifayət etməyəcək. 11 ay parketdən uzaq qalmaq futzalçı üçün az müddət deyil. Amma çalışmalıyıq ki, bu oyunları itkisiz başa vuraq. Galo və Vilela İspaniya çempionatında mütəmadi oynayırlar. Qarşıdakı günlərdə hücum və müdafiədəki tapşırıqlar, eləcə də standart vəziyyətlərin yerinə yetirilməsi üzərində işləyəcəyik. Yəni zala səhər girib axşam çıxmalıyıq. Mümkün qədər özümüzü oyuna hazırlamalıyıq.
- Həm Slovakiya, həm də Yunanıstan haqda hansı məlumatlara sahibsən?
- Slovakiya ilə bir-birimizi yaxından tanıyırıq. Son iki beynəlxalq yarışda rəqib olmuşuq. 2019-cu ilin oktyabrında Bakıda onları 2:0 hesabı ilə məğlub etdik. Ötən il isə Xorvatiyada üz-üzə gəldik və görüş 3:3 hesablı heç-heçə ilə başa çatdı. Uzun müddətdir eyni taktika ilə oynayırlar. Yunanıstan millisi isə son illərdə inkişafdadır. Uzun boylu oyunçulara sahibdirlər və driblinq etməyi sevirlər. Əlbəttə, hər iki komandanın zəif tərəfləri var və baş məşqçimiz oyuna yaxın bunları bizə deyəcək. Sadəcə, onların indiki vəziyyətdə bizdən daha hazırlıqlı olduğunu düşünürəm. Çünki Yunanıstanda 19-cu və ya 20-ci turun oyunları keçirilir.
- Slovakiya da millimiz kimi final mərhələsinə yüksəlmək baxımından qrupun iddialı komandasıdır. Yarışa onlarla qarşılaşma ilə başlamağın hansı çətinliyi ola bilər?
- Slovakiyada çempionat davam edir, oyun təcrübələri yerindədir. Bizdə isə pandemiya ilə əlaqədar çempionat ötən ilin martından dayandırılıb. Təcrübəmizin az olması çətinlik yarada bilər. Ancaq doğma meydanda oynadığımıza görə, mütləq qələbə qazanmalıyıq. Qələbə qazansaq, həm də komandada özünəinam artacaq və Yunanıstan səfərində çox köməyimiz olacaq.
- Reytinq cədvəli bizi daha şanslı sayır...
- Hər iki oyun çox çətin keçəcək. Xüsusilə də Slovakiya ilə Bakıdakı qarşılaşma. Şanslar bərabərdir. Həm də uzun müddətdir parketdən uzaq düşdüyümüzə görə psixoloji baxımdan üzərimizdə təzyiq hiss edirik. Ona görə də rahatlıqla fikir bildirmək çətindir.
- Cəmi 2 ay əvvəl Yunanıstana “Araz”la səfəriniz ugursuz alınmışdı. Milli komanda vəziyyəti müsbətə doğru dəyişə biləcəkmi?
- Budəfəki qarşılaşma daha fərqli olacaq. “Araz” AEK-lə oyuna məhdud şəraitdə hazırlaşmışdı. Zalda məşq etməyimizə icazə verməmişdilər. Ancaq açıq havada, süni örtük üzərində məşq etmişdik. Bununla belə, oyunu heç-heçə başa vurmağı bacardıq və penaltilər seriyasında məğlub olduq. Bu dəfə onlara nəyə qadir olduğumuzu göstərəcəyik. Afinadan qələbə ilə dönməliyik.