Yanvarın 18-dən etibarən hazırlığını Bakı İdman Sarayında davam etdirən Azərbaycan millisi yanvarın 29-da Slovakiya ilə qarşılaşacaq. Toplanış və qarşıdakı oyunla bağlı komandanın baş məşqçisi Joze Alesio Da Silva azfutzal.az saytına müsahibə verib:
- Hazırlıq prosesi və futzalçıların durumu barədə məlumat verərdiniz.
- Məşqlərimizi bu gündən şəhər və axşam olmaqla davam etdiririk. Qarşıda vaxtımız var, amma çox azdır. Uzun müddətdir oyun keçirmirik, bizə aid olan məkanda məşq etmirdik. Buna görə də texniki planda problemlərimiz var. Taktika ilə bağlı çalışmalarımızı çoxdandır davam etdiririk. Bu istiqamətdə ölkə xaricində çıxış edən futzalçılarımızda “axsama” ola bilər. Düzdür, onların əksəriyyəti həm ölkə çempionatında, həm də Çempionlar Liqasında oyunlar keçirirlər. Ancaq fərqli taktika ilə çıxış edirlər. Onlar oyundan 2-3 gün əvvəl gələcəklər və az müddətdə mənim taktikamı mənimsəmələri çətin olacaq. Hazırda sərəncamımda olan oyunçuların bu baxımdan problem yaşamayacağını düşünürəm. Yenə deyirəm, burdakı futzalçılarla çoxdandır taktiki çalışmalar reallaşdırırıq. Ümumiləşdirsək, hələ ideal fomada deyilik. Amma fiziki və taktiki planda çalışırıq.
- 11 aydan çoxdur ki, ölkəmizdə idman zallarının fəaliyyəti dayandırılıb. Oyunçuların bu müddətdə parket üzərində məşq etməməsi hiss olunurmu?
- Əlbəttə, hiss olunur. Biz yanvarın 18-nə qədər açıq yerlərdə məşq edirdik. Cəmi 5 gündür zala keçmişik. Bunu bir qədər də erkən etmək istəyirdik, amma zallar bağlı olduğuna görə mümkün olmadı. Milli komandaya verilən bu şansdan maksimum istifadə etməli, fasilə verməməliyik. Onsuz da kifayət qədər dincəlmişik, az məşq etmişik. İndi yaradılan şəraiti xeyrimizə çevirməliyik. Biz bu müddətdə rəsmi və ya qeyri-rəsmi oyun keçirmədik. Son 11 ayda cəmi bir dəfə - “Araz” Çempionlar Liqasının oyununda zala çıxdı. Oyun təcrübəsinin azlığı da problemdir.
- Özünüz də vaxtın az olduğunu dediniz. Qalan günlər problemləri böyük ölçüdə həll etməyə çatacaqmı?
- Mümkün deyil. Futzalda hazırlıq üçün 1-2 həftə çox azdır. Bu müddət ərzində sən ideal forma yığa bilməzsən. Ancaq hər saniyə bizim üçün çox vacibdir. Hər keçdiyimiz məşq müsbət təsirini göstərəcək. Yanvarın 27-də və 28-də isə gündəlik məşqlərin sayını 2-dən 1-ə endirəcəyik. Bununla həm yükləməni azaldacağıq, həm də standartlar üzərində işləyəcəyik.
- Ölkə xaricində çıxış edən futzalçılarla əlaqə saxlayırsınızmı?
- Mütəmadi danışırıq. Eduardonun yüngül zədəsi var idi. Artıq məşqlərə başlayıb. Klubu ilə Türkiyədə toplanışdadır və iki oyun keçiriblər. Fiziki baxımdan tam hazır deyil. Thaqonun da müəyyən çatışmazlığı var. O, son 10 gündə özünə komanda tapdı. Bosniya və Herseqovina təmsilçisinin heyətində Çempionlar Liqasının oyununa çıxdı və qol da vurdu. Ancaq Kardoso və Rafael yaxşı formadadır. Vassoraya isə Bakıya gəldikdə baxacağıq. Hazırda Dubaydadı və ordakı klubların birinə keçib.
- Zədəli və başqa problemi olan futzalçı varmı?
- İsa Atayevin yüngül zədəsi var, amma oyuna qədər düzələcək. Əsas problemimiz oyunçuların fiziki baxımdan ideal formada olmamasıdır.
- Slovakiya ilə bağlı hansı məlumatları əldə etmisiniz?
- Çox çətin, ağır oyun olacaq. Son 3 ildə bu komanda ilə tez-tez qarşılaşmışıq. Onlar bizi, biz də onları yaxşı tanıyırıq, oyun üslubuna bələdik. Amma hazırkı məqamda Slovakiya üçün müsbət məqamlar var. Belə ki, Slovakiyada ölkə çempionatı davam edir, milli səviyyəsində bir neçə yoldaşlıq oyunları keçiriblər. Komanda şəklində hər gün məşq edirlər.
- Sadaladıqlarınız faktlardır, amma final mərhələsinə yollanmaq baxımından ilk oyunda qələbə qazanmaq vacibdir...
- Əlbəttə, mütləq qələbə qazanmalıyıq. Oyunçularla da fərdi söhbətlər zamanı bizim üçün çox vacib oyun olduğunu, qələbə qazanmağa borclu olduğumuzu deyirəm. Çətinlikləri başa düşürük, amma doğma meydanda oynadığımızı da unutmamalıyıq. Təəssüf ki, Bakıda milli komanda ilk dəfə azarkeşlərsiz oynayacaq. Bunun da səbəbini hamımız başa düşürük. İnsan saglamlığı ön planda dayanır. Çalışmalıyıq ki, nəticəmizlə bizi ekran qarşısında izləyəcək azarkeşləri sevindirək.
- Siz hər zaman taktiki gedişlərlə rəqibə xoş olmayan sürprizlər yaşatmısınız. Bu dəfə də sürpriz tapşırıqlar olacaqmı?
- İstənilən taktiki tapşırığı reallaşdırmaq üçün məşqlərdə çox çalışmalısan. Üstəlik, legioner həyatı yaşayan oyunçular da gəldikdən sonra onların durumunu yerində görməliyəm. Ona görə də bu dəfə sürpriz mümkün olmayacaq. Çünki vaxtımız azdır. Ancaq “sandıqca”mda sürprizlər var və növbəti oyunlarda istifadə edəcəyik.