Avropa çempionatının növbəti oyununda Slovakiya yığması ilə qarşılaşacaq millimiz hazırlığını gündə bir dəfə məşq etməklə davam etdirir. Zədəli olduğuna görə Moldova ilə qarşılaşmanı buraxan Emin Kürdov da məşqlərə qatılıb. Qolkiper azfutzal.az-a açıqlamasında zədəsini sağaltdığını qeyd edib:
“Zədəm sağalıb, heç bir ağrı hiss etmirəm. Təxminən 20 günlük fasilədən sonra komanda ilə birgə məşqlərdə iştirak edirəm, iki tərəfli oyunlarda qapıda dayanıram”. Amma zədə üzündən bir müddət məşqlərdən kənarda qalması E. Kürdov üçün müəyyən problemlər yaradıb: “Əsas çətinlik oyun təcrübəsinin olmaması ilə bağlıdır. Məşqlərdə iştirak edirəm, amma qapını hiss etmək və koordinasiya ilə bağlı çətinliyim var. Bu da tədricən düzələcək”.
Təcrubəli qolkiper komandada ab-havanın yaxşı olduğunu da vurğulayıb: “Komandada ab-hava yaxşıdır. Məşqlərdə hər kəs həvəslə çalışır. Düzdür, hazırda tam heyətlə məşq keçmirik. Çünki ölkə xaricində çıxış edən futzalçılarımız hələ komandaya qoşulmayıb. Onlar sabah başlayacaq toplanış müddətində Bakıya gələcəklər. Komanda tam komplektləşdikdən sonra hər şey bilinəcək”.
O, Slovakiya ilə oyuna ancaq qələbə qazanmaq üçün yollanacaqlarını bildirib: “Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etsək də, məsələ bizim üçün yekunlaşmayıb. Son 2 oyunda da maksimum xallar qazanmaq üçün mübarizə aparacağıq. İstəyirik qitə birinciliyinə qrup lideri kimi yollanaq. Bu məqsədə Slovakiyada çatmalııq. Top yumuru, meydan isə düzdür, bəzən hər şey istədiyin kimi getmir. Ona görə daha bir limitimiz olacaq. Söhbət Bakıda keçirəcəyimiz Yunanıstan yığması ilə görüşdən gedir. Doğma meydan amili oyunlarda bizə hər zaman üstünlük verir. Ancaq bu son variantdır. Biz liderliyi Slovakiya yığması ilə oyunda həll etmək istəyirik. Həm də qazanılan hər bir qələbə bizə reytinq xalı gətirir. Ona görə stimul hər zaman var”.