Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş Slovakiya – Azərbaycan oyunundan sonra hər iki komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
Marian Berky (Slovakiya milli komandasının baş məşqçisi): “Çox təəssüf edirəm ki, qələbəni son dəqiqədə əldən verdik. Üç xalı itirməklə bərabər şansımızı da xeyli azaltmış olduq. Əlbəttə, nəticənin bu cür alınmasında əsas səhv özümüzdədir. Çünki Drahovski əla şansı qaçırdı. Halbuki həmin anda qapıya düşə bilsəydi, bu gün 3 xalı biz qazanacaqdıq. Oyun planında yaxşı çıxış etdik. Azərbaycan millisinə Avropa çempionatının final mərhələsində uğurlar arzulayıram. Bizim şansımız isə son oyundakı nəticədən asılıdır”.
Joze Alesio Da Silva (Azərbaycan milli komandasının baş məşqçisi): “Bura gələndə bilirdik ki, oyun çətin keçəcək. Çünki rəqibimiz ancaq qələbə qazanmaq üçün mübarizə aparacaqdı. Bizim isə 4 əsas oyunçumuz bu görüşdə iştirak etmirdi. Ramiz Çovdarovun da yüngül zədəsi var idi. Ona görə də, taktiki planda dəyişikliklər etdik, müdafiədə oynadıq. Meydandakı nizam-intizam da çox vacib idi. Fikrimcə, yaxşı nəticə qazandıq. Bunun üçün də yaxşı hazırlaşmışdıq. Uşaqlar ancaq qələbə qazanmaq üçün mübarizə aparırdılar. Demək olar, tapşırıqlarımı yerinə yetirdilər. Qazandığımız 1 xal sayəsində birinci pilləni təmin etdik”.