...

“Qətiyyən dincəlmək, arxayınlaşmaq olmaz”


Sabah Avropa çempionatının seçmə mərhələsində son oyununa çıxacaq Azərbaycan millisi məşqlərini gündə bir dəfə olmaqla görüşün keçiriləcəyi Bakı İdman Sarayında davam etdirir. Zədəli futzalçılar – Tyaqo və Hadi Ahmadi də komandaya qoşulublar. Baş məşqçi Joze Alesio Da Silva məşqdən sonra azfutzal.az-a Slovakiya ilə görüş, eləcə də komandadakı son durumu açıqlayıb:

“Hazırlığa başlayan zaman da bilirdik ki, Slovakiya ilə oyun çətin keçəcək. Onlar qələbə qazanmaqla ikinci pillədəki mövqelərini möhkəmlətmək, həm də Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etmək istəyirdilər. Həmin matça ciddi hazırlaşdıq. Təəssüf ki, tam heyətlə səfərə çıxa bilmədik. İtkilərimizlə bərabər, səfər də əlehimizə işlədi. Təxminən 13 saat yolda olduq. Çətinliklərə baxmayaraq, yaxşı nəticə qazandıq. Buna görə də oyunçularımı təbrik edirəm. Qazandığımız 1 xal qrup liderliyini təmin etməyimizə kifayət etdi.

Yunanıstanla oyunöncəsi problemimiz var. Bu da zədəli oyunçularla bağlıdır. Tyaqo Bolinha və Hadi Ahmadinin meydana çıxıb-çıxmayacağını bilmirik. Buna oyun günü qərar veriləcəyik. Qalan futzalçılarımız şans veriləcəyi təqdirdə meydana çıxmağa hazırdırlar.

Uşaqlarla söhbətimiz olub. Onlara oyuna ciddi yanaşmaqlarını tapşırdım. Qətiyyən dincəlmək, arxayınlaşmaq olmaz. Bu görüşdəki nəticə bizə reytinq əmsallarını artırmaq baxımından vacibdir. Çətin olacaq, amma ümid edirəm ki, meydanı istədiyimiz nəticə ilə tərk edəcəyik”.