Azərbaycan millisinin müdafiəçisi Eduardo Borgesin azfutzal.az-a müsahibəsi
- Qrup mərhələsini neçə dəyərləndirirsən?
- Yaxşı, maraqlı oyunlar keçirdik, qarşıya qoyulan məqsədə vaxtından əvvəl nail olduq. Oyunlar zamanı çoxsaylı qol epizodları yaratsaq da, əksəriyyətindən istifadə edə bilmədik. Ümumi götürsək, çətin başlanğıca rəğmən, yaxşı çıxış etdiyimizi düşünürəm.
- Hansı oyun gözlədiyinizdən çətin keçdi?
- Slovakiya ilə səfər oyunumuzu qeyd edərdim. Çünki bu matça ciddi itkilərlə yollanmışdıq. Əsas heyətin 4 futzalçısının olmaması təsir edən məqamdır. Bir də ki, oyunların hamısı çətin keçir. Daha asan məğlub edilən komanda qalmayıb. Bütün komandalar inkişafdadır. Zəif rəqib anlayışı bəlkə də 10 ilə əvvəl var idi. İndi vəziyyət dəyişib. Hər birinin öz taktikası, özünə məxsus xarakteri var.
- 16 xallıq göstərici səni qane etdimi?
- 16 xal pis nəticə deyil. Əgər bu qədər xal bizi məqsədimizə çatdırıbsa, deməli, hər şey qaydasındadır. Maksimum göstəricidən 2 xal az topladıq. Əslində, elə 18 xal da qazanmaq olardı. Sevindirici məqam odur ki, biz seçmə mərhələni məğlub olmadan başa vurduq. Cəmi bir görüşdə heç-heçə etdik. Deməli, müdafiədə etibarlı oynadıq, hücumda məhsuldar olduq.
- Yeni format haqda düşüncələrini bilmək maraqlı olardı.
- Razı qaldım. Əvvəllər 4 komanda bir ölkəyə toplaşırdı, 4 gün ərzində oyunları yekunlaşdırırdıq. İndi hər bir komanda ilə iki dəfə qarşılaşmaq şansın var. Ən gözəli isə, görüşlərin ev-səfər prinsipi ilə keçirilməsidir. Düzdür, indi pandemiya ilə əlaqədar heç bir oyunumuzda azarekşlər zala daxil ola bilmədi. Ancaq dünya belə qalmayacaq. Vaxt gələcək, azarkeşlər tribunadakı yerini tutacaqlar. Onda daha maraqlı mənzərəyə şahidlik edəcəyik. Hər kəs ev və səfər oyununun fərqini hiss edəcək.
- Final mərhələsində iştirak edəcək komandaların sayı da artırılıb. İndi hər qrupda 3 yox, 4 komanda yer alacaq. Nəticədə oyunların sayı da artacaq...
- Bu da müsbət məqamdır. Azarkeşlər daha çox oyun izləyəcəklər. Əvvəllər hər qrupda 3 komanda olurdu. Bu gün meydana çıxırdın, sabah digər rəqiblə oynayırdın və məğlub olacağın təqdirdə bu mərhələ sənin üçün başa çatırdı. Ancaq indi oyunlar arasında 3 gün fərq olacaq. Deməli, daha yaxşı hazırlaşmaq imkanı qazanacağıq. Həm də mübarizə son oyuna qədər davam edəcək. Bir daha azarkeşlərimizi təbrik edirəm. Sevindirici məqamdır ki, milli komanda artıq bir uğurlu seriya əldə edib. Ardıcıl 6-cı dəfə Avropa çempionatının final mərhələsində iştirak edəcəyik. Bu, çox gözəl nəticədir.