...

UÇL-nın püşkü atılacaq


Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Futzal Federasiyasının İcraiyyə Komitəsi ölkəmizi UEFA Çempionlar Liqasının 2021/2022-ci il mövsümündə təmsil edəcək klubu müəyyənləşdirib. “Araz”ın növbəti dəfə iştirakçısı olacağı yarışın püşkü iyulun 7-də atılacaq. Püşkatmada ilkin və əsas mərhələdə mübarizə aparacaq klublar rəqibləri ilə tanış olacaqlar. Əvvəlcədən də bildirildiyi kimi, 4 ölkə - İspaniya, Portuqaliya, Rusiya və Qazaxıstan hərəyə 2 təmsilçi ilə mübarizə aparacaq. Son qalib “Sportinq” də daxil olmaqla həmin 8 klub yüksək reytinqə malik olduqlarından, onlar əsas mərhələdən yarışa qoşulacaqlar.

İlkin mərhələnin oyunları avqustun 20-dən 25-dək, əsas mərhələnin görüşləri oktyabrın 26-dan 31-dək, elit-raundun qarşılaşmaları noyabrın 23-dən 28-dək keçiriləcək. “Dördlər finalı”nda yarımfinal matçları isə gələn il aprelin 28-i və ya 29-da, 3-cü yer və final dueli isə aprelin 30-da və ya mayın 1-də baş tutacaq.

İlkin mərhələdə komandalar hər birində 4 iştirakçı olmaqla qruplara bölünəcəklər. Qrup qalibləri və ən yaxşı göstəriciyə malik qrup ikincisi əsas mərhələyə yüksələcək.

 

A yolu

Əsas mərhələ isə komandalar A və B yoluna bölünəcəklər. Belə ki, son qalib “Sportinq”dən əlavə, reytinq cədvəlində növbəti 11 pillədə yer alan komandalar, eləcədə 16-cı yerdən 19-a qədər olan 16 iştirakçı bu yolda yarışacaq. Hər qrupdan 3 komanda elit-raunda yüksələcək.

 

B yolu
B yolunda isə reytinq cədvəlinin 12-15 və 20-22-ci (və ya 23-cü) pillələrində qərarlaşmış 7 klub və ilkin mərhələdən vəsiqə qazanacaq komandalar mübarizə aparacaq. Burada da 16 komanda 4 qrupda yarışacaq. A yolundan fərqli olaraq, B yolundan elit-raunda ancaq qrup qalibləri vəsiqə qazanacaqlar.

 

Elit- raundda 16 klub mübarizə aparacaq. İştirakçılar noyabrın 3-də keçiriləcək püşklə 4 qrupa bölünəcəklər. Ancaq qrup qalibləri (cəmi 4 komanda) “Dördlər finalı”nda iştirak edəcək. Final mərhələsi isə 2022-ci ildə təşkil ediləcək.