UEFA Çempionlar Liqasının ilkin mərhələsində “Europa” (Cəbəllütariq), “Kampuksen Dinamo” (Finlandiya) və “Raba” (Latviya) klubları ilə qarşılaşacaq “Araz-Naxçıvan” hazırlığını davam etdirir. Gündə bir dəfə olmaqla fiziki təmrinləri yerinə yetirən ölkə çempionunun aparıcı üzvlərindən Xətai Bağırov azfutzal.az-a bunları deyib:
“Çempionlar Liqasının hazırlığına başlamışıq. Hazırkı mərhələdə fiziki hazırlığımızı yüksəltmək üçün məşqlər edirik. Yeni transferlərimiz 2-3 gün ərzində komandaya qoşulacaqlar. Taktiki çalışmalarımızı isə baş məşqçinin rəhbərliyi altında keçəcəyik.
Qrup mərhələsindəki rəqiblərimiz haqda ətraflı məlumata sahib deyiləm. Amma bilirəm ki, hər biri öz ölkəsinin milli komandasının bazasını təşkil edir. Finlandiya təmsilçisi əsas rəqibimiz olacaq. Bu ölkənin millisi gələn il keçiriləcək Avropa çempionatında da iştirak edəcək. “Kampuksen Dinamo”nun 5-6 futzalçısı millinin heyətində yer alır. Ən çətin oyunumuz onlarla olacaq. Meydan sahibi – “Raba”nı da unutmaq olmaz. Çünki meydan amili əlavə güc verir. Bu klubun əsasını da millinin üzvləri təşkil edir. Üstəlik, komandada legioner futzalçılar da var. “Europa” da adətən mübarizəyə bu mərhələdən başlayır. Bir neçə transfer ediblər. Yəqin ki, irəliyə addım atmaq üçün nəsə etməyə çalışacaqlar. Rəqiblərimiz haqda ümumi bunları deyə bilərəm.
Təbii ki, reytinq baxımından qrupun favoriti “Araz-Naxçıvan”dır. Son 4 mövsümdə mübarizəni qatıldığımız mərhələdəcə dayandırmışıq. Əlbəttə, bu uğursuzluğa son qoymalıyıq. Komandanın qarşısına konkret tapşırıq qoyulub: qrup lideri olmaq və əsas mərhələyə vəsiqə qazanmaq! Bunu etməliyik ki, reytinq xallarımız da artsın. Komandamızın potensialı məqsədə nail olmağa imkan verəcək”.