...

“Birinci oyundakı konsantrasiya bugünkü matçda olsaydı…”


UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün “Liqeni”ilə qarşılaşan “Araz-Araz-Naxçıvan”ın heyətində dul edən İsa Atayevin müsahibəsi.

- Dubl etdiyin oyunla bağlı hansı məqamları qeyd etmək istərdin?

- Maraqlı qarşılaşma oldu. Yaxşı başlamışdıq. Düzdür, elit-raunda çıxmaq baxımından görüş komandaların heç biri üçün əhəmiyyət kəsb etmirdi. Sadəcə, reytinq xalları qazanmaq üçün mübarizə aparırdı hər iki tərəf. Ardıcıl 4 qol vurduq, sonra bir qədər rahatlaşdıq və fərq 2 topa endi. Amma ikinci hissədə 6:2 hesabı ilə öndə olduğumuz matçı yekunda heç-heçə bitirməyimiz…Nə baş verdi anlamadım, sanki 30 dəqiqə biz oynadıq, son 10 dəqiqədə onlar bunun əvəzini çıxdılar.

- Futzalda 4 top fərqi elə də üstünlük sayılmır. Bu qədər arxayınlaşmağa əsas nə idi?

- Fikirləşdik ki, 4 top fərqi ilə irəlidəyik, yəqin yenə vuracağıq. Amma qolları tez-tez buraxdıq. Hansı ki, qalib gəlməyimiz mümkün idi.

- Elit-raunda yüksəlmək baxımından heç bir əhəmiyyət daşımaması oyuna konsantrasiyanı azaltmamışdı?

- Motivasiya baxımından mənfi təsir göstərdi. Birinci oyundakı konsantrasiya bugünkü matçda olsaydı, bunları fərqli hesabla yenərdik.

- Kosovo çempionunun fərqli tərəfi nə idi?

- Fərdi oyunçuları seçilirdi. Driblinqləri yaxşıdır, təkbətək epizodlarda təhlükəlidirlər. Amma futzal dili ilə desək, hansısa taktikadan danışmaq yersizdir. Çox boşaldıq. Qolları buraxdıqca da, ruhdan düşdük.