Avropa çempionatının final mərhələsində iştirak edəcək Azərbaycan millisi dekabrın 18-də və 19-da beynəlxalq yoldaşlıq oyunları keçirəcək. Hər iki matçda komandamız Ukrayna yığması ilə üz-üzə gələcək. Millimiz artıq hazırlıq prosesinə başlayıb, dünən isə matçın keçiriləcəyi məkanda parket üzərinə çıxıb. Hazırlıq prosesi və rəqiblə bağlı komandamızın aparıcı üzvlərindən İsa Atayev azfutzal.az-a açıqlama verib.
“Hazırlığa yaxşı başlamışıq. Komandada atmosfer yaxşıdır. Çalışırıq baş məşqçinin tələblərini yerinə yetirək. Alesionun əsas istəyi nizam-intizama riayət etməkdir. Məşq prosesində də buna diqqət edirik.
Dünən oyunun keçiriləcəyi FHN-in İdman-Sağlamlıq mərkəzində məşq etdik. İlk dəfə idi bu zalda məşqə çıxırdıq. İdman qurğusu, şərait haqda ancaq yaxşı sözlər söyləmək olar. Doğma meydanda oynamağın da bu kimi avantajı var.
Ukraynaya gəldikdə, rəqibimiz də bizim kimi Avropa çempionatının final mərhələsinə hazırlaşır. Bu komanda ilə bir neçə dəfə qarşılaşmışıq. Avropanın güclü kollektivlərindən hesab edilirlər. Ən əsası, onlar sabit çıxışları ilə seçilirlər. Final mərhələsində də daim iştirak etmələri bunun göstəricisidir. Heyətləri açıqlanıb, 3 futzalçı daha çox tanışdır. Söhbət təxminən 1 ay əvvəl qarşılaşdığımız “Uraqan”ın üzvlərindən gedir. Bilirsiniz ki, “Araz-Naxçınan” Çempionlar Liqasının əsas mərhələsində həm də Ukrayna çempionu ilə üz-üzə gəlmişdi. Həmin klubun 3 futzalçısı bu gün Ukrayna millisinin heyətində yer alır. Əlbəttə, yoldaşlıq oyunlarında nəticədən çox komandanın hazırlıq durumu yoxlanılır, səhvlər aşkarlanır. Demirəm nəticə heç kimi maraqlandırmır. İstənilən oyunda qələbə psixoloji baxımdan əlavə üstünlük qazandırır. Həm qələbə qazanmalı, həm də Avropa çempionatının final mərhələsinə hazırlığımızı yoxlamalıyıq. İnanıram ki, istədiyimizi əldə edəcəyik”.