Bu gün keçirilmiş Azərbaycan – Ukrayna oyununun 5-ci dəqiqəsində qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan millimizin hücumçusu Tyaqo Bolinyanın azfutzal.az-a açıqlaması:
“Əvvəlcə həm öz komanda yoldaşlarımdan, həm də rəqibdən üzr istəyirəm. Bunu etməməli, diqqətli olmalı idim. Rəqib bir neçə epizodda - topsuz olduğum halda dirsəyi ilə məni vurdu, amma bunu nə hakimlər gördü, nə də başqası. Təcrübəli oyunçu üçün yaxşı hal deyildi. Rəqib də çox sərt oynayırdı. Etirazımı bildirdim, dedim ki, bu bir yoldaşlıq oyunudur, hər iki komanda Avropa çempionatına hazırlaşır, bir qədər ehtiyatlı oynamaq lazımdır. Çünki hansısa futzalçının zədələnməsi komandası üçün ciddi itki olacaq. Sabahkı oyunda əlbəttə, bunu təkrarlamamalıyam.
Oyuna gəldikdə, çətin keçdi. Qırmızı vərəqə aldıqdan sonra oyunçu baxımından azlıqda qaldıq. Rəqibimiz də güclü komandadır. Onlar bizdən fərqli olaraq daha çox yoldaşlıq oyunu keçiriblər. Bildiyimə görə bura gələnə qədər 4 yoldaşlıq matçında güclərini sınayıblar.
Meydandan kənarlaşdırıldıqdan sonra oyunu tribunadan izlədim. Məğlub olsaq da, uşaqlar sona qədər mübarizə apardılar. Kənardan çox də dəhşətli görünmürdük. Səhvlərimiz oldu və Ukrayna bundan məharətlə istifadə etdi. Burada etdiyimiz səhvləri rəsmi oyunlarda etməməliyik”.