...

“Sabah bugünkündən daha yaxşı oynayacağımıza inanıram”


Bu gün Ukrayna ilə yoldaşlıq oyunu keçirən Azərbaycan millisinin müdafiəçisi Qalonun azfutzal.az-a açıqlaması:

“Bu bir yoxlama oyunu idi. Hər iki komanda Avropa çempionatına daha yaxşı hazırlaşmaq üçün bu görüşdə üz-üzə gəldi. Əlbəttə, 8 aydan sonra ilk dəfə bir yerə yığışmağımız və bu cür güclü rəqiblə qarşılaşmağımız çətin oldu. Yaxşı nəticə qazanmaq istəyiriksə, təbii ki, daha yaxşı hazırlaşmalı, tez-tez oyunlar keçirməliyik. Baş məşqçimiz dedi ki, Ukrayna bizdən əvvəl iki oyunda Rumıniya, yığması ilə qarşılaşıb. Bundan başqa, İspaniyaya qarşı da iki matç keçiriblər. Yəni tez-tez toplaşırlar, güclü sparrinqlərə qarşı oynayırlar. Ona görə də bu gün onlar bizdən daha hazırlıqlı idilər. Bunu oyunu izləyənlər açıq şəkildə gördülər.

Oyunumuzun alınmamasına təsir edən məqamlardan biri də baş məşqçinin istədiklərini tam yerinə yetirə bilməməyimizdir. Burada da müxtəlif səbəblər var. Mən və Vilela İspaniyada, Bolinya və Fineo isə Fransada oynayır. Hər baş məşqçinin özünəməxsus oyun üslubu, taktiki tapşırıqları olur. Əlbəttə, taktiki tapşırıqları mənimsəmək və meydanda icra etmək asan deyil. Bunun üçün daha çox bir yerdə məşqlər keçirməlisən.

Avropa çempionatına xeyli vaxtımız var. Sabah isə Ukrayna ilə daha bir oyun keçirəcəyik. Bugünkündən daha yaxşı oynayacağımıza inanıram. Səhvlərimiz çox oldu, ikinci oyunda daha diqqətli oynayacağıq. Final mərhələsinə qədər isə qalan vaxtdan maksimum istifadə etməliyik”.