...

“Hər iki oyun xeyrimizə olacaq”


Bu gün Ukrayna yığması ilə keçirilmiş beynəlxalq yoldaşlıq oyunundan sonra millimizin qapıçısı Emin Kürdov azfutzal.az-a açıqlama verib.

“Hər iki oyunun xeyrimizə olacağını düşünürəm. Uduzmuşuq deyə bəhanə axtarmıram, buna ehtiyac da duymuram. Meydanda olduğuma görə, gördüyüm nüanslara görə bu qənaətə gəlmişəm. Apreldən sonra biz milli komanda səviyyəsində heç bir oyun keçirməmişdik. 7 ay futzal üçün az vaxt deyil.

Oyunlara gəldikdə, hər iki oyun bir-birinin bənzəri oldu. İstər avtoqolların olması, istərsə də qapıçının meydan oyunçusu ilə əvəzlənməsi və qolun vurulması belə deməyə əsas verir. Hesabı bərabərləşdirdikən sonra hadisələri xeyrimizə dəyişə bilərdik. Təəssüf ki, avtoqol oldu və onlar üstünlük qazandılar. Daha sonra topu geri qaytarsam da, qol vurmağı bacardılar. Sonra isə beş oyunçu ilə meydanda olduğumuz vaxt qapımızda qol gördük.

Əsas odur ki, Avropa çempionatında bu səhvləri etməyək, qolları buraxmayaq. İnanıram ki, onda idman xoşbəxtliyi də tərəfimizdə olacaq. Bu dəfə uğur bizdən üz döndərmişdi. Hesab 1:1 olan zaman üstünlük qolunu biz də vura bilərdik, amma əksi oldu. Ondan sonra sanki oyun “sındı”.

Əlbəttə, yoldaşlıq oyunu olsa da, doğma meydanda uduzmaq istəməzdik. İnşallah, final mərhələsində yaxşı nəticə qazanaraq həm xalqımızı sevindirərik, həm də uğurlarımızı davam etdirərik”.