...

“Matçı özümüz üçün finala bərabər hesab edirdik”


Avropa çempionatının final mərhələsində iştirak edən Azərbaycan millisinin üzvü Tyaqo Bolinhanın azfutzal.az-a açıqlaması:

“Bilirdik ki, oyun çətin olacaq. Hətta bu matçı özümüz üçün finala bərabər hesab edirdik. Müsbət nəticə vacib idi. Heyətimizdəki itkilərə rəğmən, pis başlamadıq, lazım olan qolları vurduq. Məncə, yaxşı oynadıq. Oyunun davamında çox müdafiə olunduq. Belədə topsuz qaldıq, hərəkət etdik və yorğunluq başladı. Onların qol epizodları zamanı bəxti də gətirdi. Hesab 2:1 olan zaman biz yenidən üstünlüyümüzü 2 topa çatdıra bilərdik. Bunu bacarsaydıq, bəlkə də bu gün fərqli hesab haqda danışırdıq. Hakimlər də 2-3 həlledici məqamda səhv qərar verdilər. Felipinyo qapıçı ilə təkbətək qalmağa yaxın idi, amma referi ona qarşı olan cəriməni vermədi.

İspaniya ilə qarşılaşmamız daha çətin olacaq. Onlar qrupun yox, yarışın favoriti sayılırlar. Amma şansın varsa, sona qədər mübarizə aparmalı, hər məqamdan istifadə etməlisən. Biz də bunu edəcəyik. Azərbaycanın uğur qazanması üçün bacardığımızı meydanda qoyacağıq. Sona qədər inamlı olmalıyıq. Əgər növbəti oyunda Bosniya və Herseqovina Gürcüstanı məğlub etsə, şansımız yenə davam edəcək”.

Qeyd edək ki, millimiz növbəti oyununu yanvarın 26-da İspaniyaya qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 23:30-da başlayacaq və İTV kanalı vasitəsilə canlı yayımlanacaq.