Avropa çempionatının final mərhələsində bu gün Bosniya və Herseqovina ilə keçirilmiş oyunda meydana çıxan, bununla da cari finalda debüt edən Rövşən Hüseynlinin oyunla bağlı açıqlaması:
“Çox istəkli idik. Şansımız az qalsa da, bundan sona qədər istifadə etməyə çalışdıq. Əlbəttə, oyunöncəsi hisslərim fərqli idi. Çünki ilk iki oyunda özümdən asılı olmayan səbəblərdən komandama kömək edə bilməmişdim. Bu da məndə müəyyən qədər aqressiya yaratmışdı. Əvvəldə çalışdım ki, bu hisslərimiboğum.
Oyuna gəldikdə, yaxşı başladıq. Rəqibin matçın əvvəlində 2-3 real qol şansı olsa da, hesabı açan biz olduq. Yeri gəlmişkən, keçirdiyimiz hər 3 oyunda hesab açan və fasiləyə qalib yollanan tərəf biz olmuşuq. Baş məşqçimizin də qeyd etdiyi kimi, sona qədər döyüşdük. Yekunda 4 xal toplasaq da, mərhələ adlaya bilmədik. Buna görə təəssüflənirəm. Qalib gəldiyimizə görə isə həm komanda yoldaşlarımı, həm azarkeşlərimizi, həm də mavi ekranlardan bizi izləyən xalqımızı təbrik edirəm”.