Badamlı Azərbaycan kubokunda da mübarizə sona yaxınlaşır. Aprelin 26-da keçiriləcək yarımfinal matçları finalçıların kimliyinə aydınlıq gətirəcək. Maraqlıdır ki, cütlüklərdən biri Birinci, digəri isə Yüksək Liqa təmsilçiləridir. Hazırda Birinci Liqanın lideri olan “Forza Neftçi” ölkə kubokuna da iddialıdır. Bəs həllledici mərhələyə bir addım qalmış baş məşqçi Elvin Xudadatov nə düşünür?
“Ölkə kubokunun yarımfinal mərhələsində ilk dəfə iştirak edəcəyik. Oyunun çətin keçəcəyini bilirik. Buna görə də ciddi hazırlaşırıq. Komandada əhval-ruhiyyə yaxşıdır. Çox şükür, zədəli, cəzalı oyunçumuz yoxdur. Rəqibə gəldikdə, qış fasiləsində heyətlərini gücləndirməyi bacardılar. Xüsusilə müdafiədə yaxşı çıxış edir, sürətli hücumlar qururlar. Təbii ki, bu cür nüansları nəzərə alacağıq.
Bizim oyunçuların üstün cəhəti odur ki, verilən tapşırıqları düzgün icra edirlər. Buna görə də Birinci Liqada keçirdiyimiz bütün qarşılaşmalardan qalib ayrılmışıq. Hücum xəttimiz də işinin öhdəsindən gəlir. Təsadüfi deyil ki, bu gün iştirakçısı olduğumuz liqada ən çox qol vuran “Forza Neftçi”dir. Oyunçularıma güvənirəm. Yarımfinal matçında da veriləcək tapşırıqları düzgün yerinə yetirəcəklərinə inanıram. Bu matç bizim üçün finala bərabər qarşılaşmadır. Hər iki komandaya uğur diləyirəm. Azarkeşlərin maraqlı qarşılaşma izləyəcəyinə ümid edirəm və onları Bakı İdman Sarayına dəvət edirəm”.