Bu gün Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığma komandası ilə Tbilisidə yoldaşlıq oyunu keçirən və qələbə qazanan 19 yaşadək futzalçılardan ibarət komandamızın məşqçisi Ağatahir Əzimov oyunla bağlı azfutzal.az saytına açıqlama verib:
“Uşaqlar verilən tapşırıqları yerinə yetirmək üçün çox çalışdılar. Demək olar, əllərindən gələni etdilər. İlk beynəlxalq oyunumuz olsa da, yaxşı çıxış etdik. Birinci hissədə daha rahat oynadıq və fasiləyə qalib yollandıq. Bu üstünlüyümüzü ikinci hissənin ortalarına qədər davam etdirdik. Fərqi artırana qədər gərginlik hiss olunmurdu. Sonra rəqib qapımıza yol tapdı. Ancaq uşaqlar oyun intizamından qopmadılar və 2 topluq fərqi yenidən bərpa etdilər. Bundan sonra meydan sahibi komanda qapıçını da meydan oyunçusu ilə əvəz etdi. Artıq uşaqların əziyyət çəkdiyi aydın idi. Düzdü, məşqlərdə “5-in 4-ə” üzərində də işləmişdik. Əziyyət çəksək də, uşaqlar oyun intizamından qopmamağa çalışdılar. Hərçənd səhvə yol verdik və görüşün son dəqiqəsində onlar qol vurdular. 3:2-dən sonra hesabı qorumağa çalışdıq. Ümumiləşdirsək, yaxşı oyun göstərdiyimizi deyə bilərəm”.