...

“Bu gün çox boşluqlar verdik”


Bu gün 19 yaşadək futzalçılardan ibarət yığma komandamız gürcüstanlı həmyaşıdları ilə ikinci oyununu keçirib. Qarşılaşma ilə bağlı komandanın məşqçisi azfutzal.az saytına açıqlama verib:

“Uşaqlar dünənki oyunlarını oynamağa çalışdılar. Ancaq axşamkı qarşılaşmanın yorğunluğu hiss olunurdu. Üstəlik, hakimlər də hər addımda yerli komandaya kömək etməyə çalışırdılar. Vacib epizodlarda fitləri susdu. Ən azı iki epizodda gürcülərin qapısına penalti təyin etməli idilər. Qapıçılarımız da çox zəif təsir bağışladılar. Heç biri bu matçda komandaya kömək etmədilər. Ən əsası isə bu gün bizə qarşı mübarizə aparan heyətdə yeni oyunçular var idi. Düzdü, protokolda ad, soyad dəyişikliyi yoxdu. Amma meydanda olanlara diqqət yetirin, ən azı 3-4 futzalçı var idi ki, onlar yaşca bizdən böyük idilər. Birinci hissədə normal oynadıq. Fasilədən sonra hakimlər penaltiləri vermədi, cərimələri əks istiqamətə təyin etməyə başladı, uşaqların əsəbləri tarıma çəkildi. Taym-out götürüb onları sakitləşdirməyə çalışsam da, mümkün olmadı. Sona yaxın artıq gərginlik yüksəlmişdi ki, tez-tez qarşıdurma yaranırdı. Həm də dünənki oyunda rəqibə zərbə vurmağa imkan vermirdik. Top onlarda olanda dərhal pressinq edirdik. Ancaq bu gün çox boşluqlar verdik. İstənilən halda, bu cür oyunların komandamıza faydası olacaq. Həm də heyətin bütün üzvlərini meydana buraxa bilmirdim. Çünki ehtiyatda qalanlar digərlərindən zəifdirlər”.