...

“Biz növbəti mərhələdə oynamaq istəyirik”


UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşib. Təmsilçimiz “Mostar”, həmçinin, ilkin mərhələdə D və F qrupunun qalibi ilə birgə 5-ci qrupda yer alacaq. Oyunlar 25-30 oktyabr tarixlərində Bosniya və Herseqovinada təşkil olunacaq. Baş məşqçi Joze Alesio da Silva azfutzal.az-a püşkü dəyərləndirib:

“Yer aldğımız qrupda bir rəqibimiz məlumdur, digər ikisinin kimliyinə isə ilkin mərhələnin oyunlarından sonra aydınlıq gətiriləcək. D qrupuna diqqət yetirdikdə, Serbiya çempionunun rəqibimiz olmaq ehtimalını yüksək qiymətləndirirəm. F qrupuna gəldikdə, üstünlüyü Gürcüstan çempionuna verirəm. “Mostar” isə doğma meydanda oynayacaq. Onları yaxşı tanıyıram, bir neçə dəfə rəqib olmuşuq. Oyun çətin keçəcək. Onların da oturuşmuş, təcrübəli  heyəti var və bir neçə ildir öz ölkəsinin çempionu olurlar.  Əlbəttə, çətin qrupda yer almışıq. Bu qrupdan cəmi 1 komanda elit-raunda yüksələcək. “Araz-Naxçıvan” növbəti mərhələdə oynamaq istəyir.

Qarşıda vaxtımız var, çalışacağıq yaxşı hazırlı keçək, oyunlara tam hazır olaq. Rəqiblərimizi analiz edəcəyik. Serbiya və Gürcüstan təmsilçisi haqda ətraflı məlumatım yoxdur. Həm də onlar favorit olsalar da, biz ilkin mərhələnin yekununu gözləməliyik. Yenə deyirəm, vacib olan bizim hazırlığımızdır. Buna da maksimum dərəcədə nail olmağa çalışacağıq. Heyətimizi gücləndirmək istiqamətində işlər görülür. Məşqlər başlayana qədər bu proses başa çatacaq. Təəssüf ki, bu mərhələnin oyunlarında Felipinyo bizə kömək edə bilməyəcək”.